- Xəbər news
- 22:34 14.11.2024
Oktyabrın 11-də Səbail Rayon Məhkəməsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) “Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılova qarşı iddiası üzrə hazırlıq iclası keçirilib. AFFA iddia edir ki, hüquqşünas sentyabrda “feysbuk” səhifəsindən paylaşdığı yazısında bu quruma böhtan atıb, nüfuzuna zərbə vurub. AFFA-nın iddia tələbi isə Aslan İsmayılovun üzr istəməsi, 10 min manat da təzminat ödəməsidir. Həmin məbləğin “Yaşat” fonduna köçürülməsi istənilir.
Corner.az xəbər verir ki, məhkəmədə AFFA-nı Muxtar Mustafayev və Ənvər Əmirəliyev təmsil edib. Vəkillər iddianın icraata götürülüb baxılmasını istəyib. Hakim Mədinə Bağırova bu iş üzrə növbəti məhkəmə iclasını noyabrın 10-na təyin edib.
Aslan İsmayılov bildirib ki, AFFA-nın iddiası əsassızdır və yazılı şəkildə etiraz verəcək.
Hüquqşünas sentyabrın əvvəlində “feysbuk” səhifəsində AFFA haqqında bunları yazmışdı:
“Artıq iki ildir ki, “Keşlə” Futbol Klubu “İnter”in stadionuna (keçmiş “Şəfa”) 5 min 800 manat icarə pulunu ödəmir. Buna görə də stadion əməkdaşlarına əməkhaqqı verə, Sosial Müdafiə Fonduna vergi ödəyə bilmir. Bu barədə mənə müraciət olunduqdan sonra dəfələrlə problemi ictimailəşdirmədən həll etmək istəmişəm. Buna görə “Keşlə”nin prezidenti Zaur Axundov adlı birisi ilə bir neçə danışmışam. Borcu etiraf edib, ödəcəyini bildirib. Bu kəs özünü SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adamı kimi təqdim etdiyindən, oranın məsul şəxslərinə müraciət etmişəm. Bu dəfə də həll olmayanda Zaur Axundovun dostu AFFA-nın baş katibi Elxan Məmmədova bir neçə dəfə zəng etmişəm. Bu “boss” telefonumu qaldırmayıb. SMS yazmışam və tanışları vasitəsilə fəhlələrin əməkhaqqısız qaldığını bildirmişəm. Bu zənglər, yazışmalar, xahişlər təxminən üç aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdu. Bu isə ölkədə tam dərəbəylikdən xəbər verir. Hərənin özü üçün bir “boss” olduğunu, heç kimi saymadıqlarından xəbər verir. İndi sıravi vətəndaşların bu “boss”lardan çəkdiklərini təsəvvür edin.
Buradan ölkənin Baş Prokuroru Kamran Əliyevə müraciət edirəm. Siz gündə bir elan verib, bir neçə min oğurlandığını bildirib, korrupsiyaya qarşı mübarizə apardığınızı elan edirsiniz. Mən sizə yüz milyonun oğurlandığı ünvanı deyirəm. Gedin, AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin…”
AFFA isə həm yerli ictimaiyyət, həm də üzv olduğu beynəlxalq təşkilatlar qarşısında hesabatlı olduğunu vurğulayaraq, Aslan İsmayılovun yazdıqlarının böhtan olduğunu bəyan edib:
“Hər il hesabat Konfransında futbol ictimaiyyəti, media, dövlət strukturları təmsilçilərinin, həmçinin üzv olduğumuz FİFA və UEFA kimi mötəbər beynəlxalq təşkilatların rəsmilərinin qarşısında hesabat veririk. Bu hesabata AFFA-nın gəlirləri və xərcləri ilə bağlı maliyyə hesabatları da daxildir. 2010-cu ildən bu ilə qədər AFFA-nın bütün hesabatları assosiasiyanın saytında yerləşdirilib və maraqlanan hər kəs həmin hesabatlarla tanış ola bilər. Özünü hüquqşünas adlandıran istənilən şəxs bu cür ittihamları səsləndirən zaman konkret hüquqi sənədlərə istinad etməli, populizm ilə məşğul olmamalıdır”.