- Xəbər news
- 22:34 14.11.2024
"Boka Xuniors" klubunun futbolçuları "Ximnasiya"ya qarşı Argentina Super Liqasının 19-cu tur matçına üzərində Dieqo Maradonanın fotosu olan formalarla çıxıblar.
Corner.az-ın məlumatına görə, bu addım əfsanəvi oyunçunun ad günü ilə bağlı atılıb. Bundan başqa, 10-cu dəqiqədə görüş dayandırılıb və stadiondakı monitorlarda Maradona'nın ən gözəl qollarından hazırlanmış video nümayiş etdirilib. Həmçinin veteran futbolçuya məxsus 10 nömrəli forma hava şarları ilə səmaya buraxılıb.
Tribunadakı azarkeşlər sevimli oyunçuları haqqında mahnılar oxuyublar. Qarşılaşmanı izləyənlər arasında Maradonanın qızı Dalma Maradona da olub. Onun yanındakı tribunada "Justicia para D10s" ("Tanrı üçün ədalət") sözləri yazılmış köynək asılıb.
"Boka Xuniors" - "Ximnasiya" görüşü meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında vəfat edib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub. Maradona 1981 - 1982 və 1995 - 1997-ci illərdə "Boka Xuniors"da çıxış edib.