- Xəbər news
- 22:34 14.11.2024
"Oktyabr ayı kifayət qədər intensiv, dolğun oldu. Həm idman, həm də gənclər sahəsində mövcud vəziyyətin təhlili və planlaşdırılması üçün ardıcıl işlər aparıldı".
Corner.az-ın məlumatına görə, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov ötən ay görülən işlər barədə öz qeydində yazıb.
Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanışlıqları əlamətdar oldu: "6 müxtəlif idman növü üzrə eyni vaxtda məşqləri mümkün edən bu arena yerli və xarici gimnastların təlim və məşqləri üçün unikal imkanlar yaradır".
F.Qayıbovun sözlərinə görə, 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək növbəti Yay Olimpiya Oyunlarına qalan vaxtda geri sayım başlayıb: "Ciddi hazırlıq üçün az vaxt qalır. Taekvondo, velosiped, voleybol federasiyalarında oldum, onların rəhbərliyi və idmançılarla görüşdüm. Bu görüşlər tanışlıqla yanaşı, həm də daha dərin məzmun daşıyır. Mütəxəssislərlə birgə çətin sualların cavablarını araşdırmaqla, zəif tərəfləri müəyyən edib, güclü tərəfləri önə çıxarıb dəstəkləməklə davamlı nəticələrə hədəflənmişik".
Nazir görüləcək işlərin çox olduğunu vurğulayıb: "Effektivliyi təmin etmək üçün nəticəyə əsaslanan, bütün qüvvələrdən səmərəli istifadə edən, gələcəyə ünvanlanan addımlar atmalıyıq".
F.Qayıbov qeyd edib ki, noyabrın 9-da Bakı Dənizkanarı Bulvarında “Zəfər günü”nə həsr edilmiş “Qürurla irəli!” şüarı ilə kütləvi qaçış və bayram tədbirləri təşkil ediləcək: "Əminəm ki, bu tədbir tarixi qələbə qazanmış xalqımızın birliyini, zəfərlər əldə etmək əzmini bir daha nümayiş etdirəcək".