27 noyabr 2024. Çərşənbə

Məni Azərbaycan millisinə cəlb etmək istəyirdilər - Qarabağ'ın sabiq legioneri


Məni Azərbaycan millisinə cəlb etmək istəyirdilər - Qarabağ'ın sabiq legioneri

"Qarabağ"a Denis Sokolovskinin vasitəsilə keçmişdim. Onun özü də həmin komandada çıxış edib".

Corner.az-ın məlumatına görə, bu fikirləri Ukrayna millisinin sabiq futbolçusu Sergey Kravçenko "Qarabağ"a transferi barədə yerli mətbuata müsahibəsində deyib.

38 yaşlı yarımmüdafiəçisi Ağdam klubunun son illərdə xeyli gücləndiyini bildirib: "O vaxtkı komanda ilə indikini qarışdırmayın. Hazırda "Qarabağ" çox güclü kollektivdir. UEFA Çempionlar Liqası və Avropa Liqasının qruplarında mübarizə aparır. Mənim vaxtımda isə ortabab klub idi. Ukraynaya qayıtdıqdan sonra dostum dedi ki, adətən futbolçular Azərbaycandan ayrılandan sonra karyerlarını bitirirlər, sən isə hər şeyə orada başladın".

Təcrübəli futbolçu "Qarabağ"da oynamağın onun üçün xoş olduğunu söyləyib: "Bu klubda hələ də əlaqə saxladığım insanlar var. Hətta onlardan biri mənə deyirdi ki, "Qarabağ"dan sonra "Dinamo" (Kiyev), "Dnepr" kimi komandalarda oynamış, Ukrayna millisinə çağırılmış yeganə futbolçusan".

Kravçenko Azərbaycanda əla vaxt keçirdiyini vurğulayıb: "Orada 6 ay çıxış etdim. Daim əsas heyətdə oynayırdım. Hətta mənə Azərbaycan vətəndaşlığı verib milliyə cəlb etməklə bağlı söhbət də olmuşdu. Düşünürəm ki, orada olduğum müddətdə bir az parlamışdım. Amma təklifi qəbul etmədim və Ukrayna yığmasında oynamaq istədiyimi bildirdim. Həmin vaxt hamı mənə güldü. Dedilər ki, Azərbaycan çempionatında 8-ci yerdə gedən komandadan Ukrayna millisinə düşə bilməzsən".

Hazırda ölkəsinin "Çernomorets" klubunun şərəfini qoruyan yarımmüdafiəçi "Qarabağ"dan ayrılmasının səbəbini də açıqlayıb: "Azərbaycan çempionatında qış fasiləsi yarandıqdan sonra Ukraynaya qayıtdım və Donetskdə keçirilən turnirdə iştirak etdim. "Vorskla" klubunun nümayəndələri oyunumu görüb məni baxışa çağırdılar. "Qarabağ"la 6 aylıq müqaviləm qalmışdı. Amma danışıq olmuşdu ki, yaxşı təklif gəlsə, məni buraxacaqlar. Həmin ərəfədə Azərbaycandan 2 sərfəli təklif aldım. Aylıq 10 000 ABŞ dolları verirdilər. Mən isə "Vorskla" ilə bundan 3 dəfə az maaşa müqavilə bağladım".

Qeyd edək ki, Sergey Kravçenko 2005/2006 mövsümünün ilk hissəsində "Qarabağ"ın formasını geyinib. Donetsk "Şaxtyor"unun yetirməsi olan yarımmüdafiəçi 10 dəfə Ukrayna millisində çıxış edib və 1 qol vurub.(report)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir