27 noyabr 2024. Çərşənbə

Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilanda 30 min ağac əkiləcək


Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilanda 30 min ağac əkiləcək

       17 dekabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər nazirliyinin birgə təşkilatçılığı, “Paşa Holding”MMC, “Paşa Bank”ASC, “Kapital Bank”ASC, “Paşa Həyat Sığorta” ASC, ”Paşa Sığorta” ASC, “Paşa İnvestments” MMC, “Competo” MMC, “Agro Dairy” MMC, “Azərbaycan Supermarket” MMC, “Paşa Travel” və “Universal Pro” MMC dəstəyi ilə Zəfərdən Dirçəlişə” adlı layihə çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə vurulmuş zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpası məqsədilə Zəngilanda meşə massivinin salınması aksiyasına start verilib.

      Corner.az xəbər verir ki, keçirilən layihənin məqsədi ekoloji tarazlığın bərpası, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən Qarabağ bölgəsinin və ümumilikdə ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

       Layihə çərçivəsində Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə 30 min ağacın - əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, üçtikanllı lələk (şeytan ağacı, keçibuynuzu) və Şərq çinarı əkilməsi nəzərdə tutulur.

        Layihənin ilkin mərhələsində ərazinin torpaq-iqlim şəraitinə uyğun 1000 ədəd müxtəlif cinsli ağac əkilib. Tədbirə Ekologiya və Təbii Sərvətlər naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Muxtar Babayev, QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev və bu layihəyə dəstək olan donor şirkətlər də qatılıb. Layihənin 2022-ci ilin payızında yekunlaşdırılması planlaşdırılır.

        Layihə çərçivəsində dayanıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə uyğun şəkildə aparılır.  Enerji təminatı və suvarma sisteminin qurulması, ərazidə müntəzəm müşahidələr aparmaqla əkilmiş sahəyə mütəmadi qulluq edilməsi kimi məsələlərə xüsusi diqqət ayrılır.

       Qeyd edək ki, meşə massivinin salınması işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində və xaricində təşviq etmək məqsədilə Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər nazirliyi arasında izalanan əməkdaşlıq Memororandumu çərçivəsində həyata keçirilən ilk layihədir. Layihə işğaldan azad olunmuş digər ərazilərdə də davam etdiriləcək.

      Memorandum çərçivəsində ekoloji tarazlığın bərpası, yaşıllığın artırılması, heyvan və  quş növlərinin reabilitasiya edilərək təbiətə qaytarılması kimi layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

      Xatırladaq ki, işğal dövründə Azərbaycanın 261 min hektar meşə fondu sahəsi Ermənistanın vandalizm cinayətlərinə məruz qalıb. Bu dövrdə düşmən regionun təbii sərvətlərini talan edib, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədib, bununla da Qarabağın flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilməsi çətin olan zərər vurub.

       Qeyd edək ki, salınacaq meşə massivinin inkişaf prosesini müşahidə etmək məqsədilə mütəmadi olaraq  dron, foto və videoçəkilişlər aparılacaq və görüntülər Fondun  saytında bu layihə üçün hazırlanan xüsusi bölmədə yerləşdiriləcək.

      Qarabağ Dirçəliş Fondu layihəyə qoşulmaq istəyən tərəfdaşları Qarabağın digər rayonlarında da həyata keçiriləcək layihələrə qoşularaq qeyd olunan istiqamətlər üzrə öz töhfəsini verməyə dəvət edir.

      Bu təşəbbüs çərçivəsində əkilən ağaclar beynəlxalq birliyin Qarabağda davamlı gələcəyə dəstəyini simvollaşdıracaq. Gələcək nəsillər bu meşələrin yaratdığı kölgə və təbii istirahət zonalarından zövq alacaq və bütün bölgə bir daha çiçəklənən və sağlam ekosistemdən faydalanacaq.

Sonda tədbir iştirakçıları Zəngilanda şəhidlər xiyabanını ziyarət ediblər. Birinci Qarabağ müharibəsi şəhidlərinin qəbri üzərinə gül dəstələri düzüblər.

Hər kəs bu mühüm missiyaya qoşularaq Qarabağa nəfəs verə bilər!

Qarabağı birlikdə daha YAŞIL bərpa edək!

        







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir