27 noyabr 2024. Çərşənbə

Maksim Medvedev: Millidə oynamaq çətinləşir - MÜSAHİBƏ


Maksim Medvedev: Millidə oynamaq çətinləşir - MÜSAHİBƏ

Azərbaycan milli komandasının və "Qarabağ" klubunun kapitanı Maksim Medvedev "Report"un suallarını cavablandırıb. Corner.az həmin müsahibəni təqdim edir...

- Yeni ili harada və necə qarşıladınız: Ötən ilin yorğunluğunu çıxara bildizmi?

- Yeni ili Bakıda evimdə ailəmlə qarşıladım. Ağır keçən 2021-ci ildən sonra maksimum istirahət etməyə çalışdım. Tətilin daha çox olmasını istərdim, amma futbolda bu, mümkünsüzdür.

- 2021-ci ili özünüz və komandanız üçün necə dəyərləndirərdiniz?

- Bu, karyeramın ən fəal illərindən biri oldu. Yeni tarix yazdıq, yaxşı nəticələrə imza atıb. Bunların hamısı çalışqanlığımızın nəticəsidir.

- Sizcə, ötən il Azərbaycan futbolu üçün əsasən nə ilə əlamətdar oldu?

- Çoxlu pozitiv və neqativ anlar oldu. Amma irəliyə və fikrimcə, yalnız xoş gələcəyə baxmalıyıq.

- İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğuda "Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycanda ilin futbolçusu seçildi. Siz kimi bu ada layiq görər, seçərdiniz?

- Mən də bu mükafatın Eminə qismət olmasını çox istəyirdim. Onun millidə gördüyü iş göz önündədir. Yaxşı futbolçu və yaxşı insandır. Habelə, Şahrudin Məhəmmədəliyevi qeyd etmək istərdim. O, özünün ən yaxşı mövsümünü keçirdi.

- Milli komandanın baş məşqçisi Canni De Byazi ilə müqavilə uzadıldı. Buna münasibətiniz necədir?

- Bu münasibətlə De Byazini təbrik etdim. Biz gələcək və vəziyyəti düzəltməyin yolları barədə danışdıq. Ümidvaram ki, çox şeyə nail olmaq baxımından düzgün seçimdir.

- Ümumiyyətlə, milli komanda ötən il niyə zəif çıxış etdi və nəticələr uğursuz alındı?

- Bir çox faktorla üzləşdik. Yekunda nəticə acınacaqlı oldu. Səhvləri düzəltmək və irəli getmək lazımdır. Bu il çoxlu dəyişikliyin baş verəcəyinə və nəticələrin daha yaxşı olacağına ümidvaram.

- Yığmadan söz düşmüşkən, UEFFA Millətlər Liqasındakı rəqiblər bilinir: Slovakiya, Belarus və Qazaxıstan / Moldova cütünün qalibi. Şansları necə dəyərləndirirsiniz?

- Rəqiblər arasında Slovakiya yığması bir qədər yüksəkdədir. Belarus, Qazaxıstan / Moldova və biz eyni səviyyəli komandalarıq. Hər bir maçtda mübarizə gedəcək.

- Yığmadakı karyeranız barədə nə düşünürsünüz: Davam edəcəksiniz, yoxsa milli ilə vidalaşmağı planlaşdırırsınız?

- Milli komandada oynamaq ildən-ilə çətinləşir. Ora fərqli səviyyədir. Tezliklə 33 yaşım tamamlanacaq. Yığma üçün elə də yaxşı illər deyil. Ümidvaram ki, tezliklə yerimi verəcəyim uşaqlar gələcək və sakitcə yığma karyeramı bitirəcəyəm. Fikrimcə, hələ karyeramı başa vurmağın vaxtı deyil.

- "Qarabağ" artıq qış təlim-məşq toplanışına start verib. Kollektivdə ab-hava necədir?

- Məşqlər artıq başlanıb, oyunçular yavaş-yavaş özlərinə gəlirlər. Hazırda daha çox atletik forma üzərində çalışırıq. Tezliklə oyun və taktiki çalışmalar başlayacaq. Uşaqlar bir-biriləri üçün çox darıxıblar. Hazırda hər şey yaxşıdır, forma yığır və səylə çalışırıq.

- Gələn ay komandanızı Fransa "Marsel"i ilə vacib oyun gözləyir. Bu barədə nə deyə bilərsiniz: Güclü rəqibi üstələmək olar?

- Hamı bilir ki, "Marsel" tanınmış, güclü klubdur. Yaxşı hazırlaşsaq və öz oyunumuzu sərgiləsək, ətrafımızdakı hər kəsi sevindirə bilərik.

- Fransa, xüsusilə "Marsel" ermənilərin sıx məskunlaşdığı ərazidir. Bu mənada, səfər oyununda hər hansı təxribat gözləniləndir. Bu amil sizi narahat etmir?

- Biz təxribatlar barədə informasiyaya malikik. Bunlar bizim üçün ilk deyil. Özümüzü necə aparmağı və nə edəcəyimizi bilirik. Hər zaman ayıq-sayığıq və istənilən situasiyaya hazırıq. Bizi matça hazırlığımız daha çox maraqlandırır.

- "Qarabağ"dakı keçmiş komanda yoldaşınız, millidə isə birlikdə oynadığınız Mahir Emreli "Legiya"dan ayrılmaq istəyir. Ona nə məsləhət görərdiniz?

- Mən onunla tez-tez ünsiyyətdə olur, məsləhətlər verməyə çalışıram. Orada baş verənlərin bir çoxu mətbuata çıxmır. Əsas məsələ onun psixoloji durumudur. Qalan məsələlər həll olunandır. Getməyi və ya qalmağı düşünürsə, bu, özünün seçimidir. Demək, orada nə baş verdiyini və təklikdə hansı təzyiqlə üzləşdiyini o, daha çox bilir. İstənilən seçimində Mahiri dəstəkləyəcəyəm. Çünki bu, onun həyatı və karyerasıdır.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir