23 mart 2026. Bazar ertəsi

Krivotsyuk Azərbaycanda təzyiqə öyrəşməmişdi


Krivotsyuk Azərbaycanda təzyiqə öyrəşməmişdi

"O, böyük potensiala malik gənc futbolçudur".

Corner.az xəbər verir ki, bunu Polşanın "Visla" (Plotsk) komandasının baş məşqçisi Maçey Bartoşek Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk haqqında "Weszlo" nəşrinə müsahibəsində deyib.

44 yaşlı mütəxəssis oyunçunun müdafiənin müxtəlif mövqelərində çıxış edə bildiyini vurğulayıb: "Krivotsyuk ikili və üçlü müdafiədə oynaya bilir. O, klassik sol cinah müdafiəçisi qismində oynamağa daha az meyillidir. Onun hələ 23 yaşı var və meydandakı xarakteri istəyimə uyğundur. Çalışqan və amansızdır, hücumçu ilə təmasda oynamağı xoşlayır. Onun taktika və oyun qurmaq baxımından müəyyən çatışmazlıqları var idi. Amma Antonun problemi tamam başqa şey idi. Düşünürəm ki, biz bunun öhdəsindən gələ bildik".

Bartoşek məşqçilər heyətinin və idman direktoru Pavel Maqdoninin də Krivotsyukla çox söhbətlər etdiyi sözlərini də əlavə edib: "Söhbət zehni münasibətdən gedirdi. Yadda saxlamaq lazımdır ki, o, yalnız 3 komanda arasında rəqabətin davam etdiyi liqadan gəlib. Orada futbolçular "Neftçi", "Qarabağ" və "Qəbələ" komandaları arasındakı matçlarda çətinlik çəkirlər. Azərbaycan Premyer Liqasında yekun nəticəni bu komandalar arasındakı duellər həll edir. Digər klublarla görüşlər çox da gərgin keçmir. Buna görə Anton təzyiqə öyrəşməmişdi. Azərbaycandan olan futbolçularda oyunun psixoloji tərəfi ilə bağlı problemləri olacağını düşünməmişdim. Mən buna təəccübləndim. Orada bir dövrənin maksimum 2-3 oyununda səfərbər olurlar. Halbuki hər həftə belə etməlisən. Visla" Krivotsyukun ilk xarici klubudur. O, bütün mühiti və mədəniyyəti dəyişdi. Anton oynamayanda əsəbiləşir, narazı görünürdü. Amma bir dəfə oynayıb, səhvə yol verəndə, çox iş görmürdü. Düşünürəm ki, düzgün istiqamətdə gedirik. Bəzən başqa ölkələrdən gələn futbolçularda belə olur".

Qeyd edək ki, Anton Krivotsyuk Plotsk "Visla"sına ötən yay "Neftçi"dən keçib.







Xəbər news