- Xəbər news
- 22:34 14.11.2024
"Yüksək səviyyəli komandaya qarşı yaxşı oyun keçirdik".
Corner.az xəbər verir ki, bunu Polşanın "Visla" (Krakov) komandasının baş məşqçisi Adrian Qulya "Qarabağ"la qolsuz heç-heçə etdikləri yoxlama oyunu barədə danışarkən deyib.
47 yaşlı mütəxəssis bildirib ki, səviyyə, sürət və intensivlik baxımından belə qarşılaşma komandaya lazımdır: "Topsuz daha çox işləməli olduq. Amma komanda bunu bacardı. Müdafiənin mərkəzində və orta xətdə boşluqları bağlaya bildik. Rəqib cinahlardan imkanlar yaratdı. Biz əks-hücumlardan istifadə edə bilmədik. Təəssüf ki, penaltini də boşa verdik. Amma bu matç komandanın düzgün istiqamətdə getdiyini göstərir".
Qulya qarşılaşmanın 90 dəqiqədən çox çəkdiyini vurğulayıb: "Buna rəqibin baş məşqçisi ilə birlikdə qərar verdik. Bu, yaxşı qərar idi. Çünki oyunçuları yetəri qədər görmək şansımız oldu".
Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub.