“Konfransın bu formatda keçirilməsi münasibətilə sizi təbrik edirəm. Yaşadığımız bu dövrdə belə yüksək səviyyədə Konfrans keçirmək böyük işdir”.
Corner.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə AFFA-nın Hesabat Konfransında deyib.
O bildirib ki, pandemiyadan ən çox zərər çəkən idman oldu: “İdmançı və idman vaxt itirdi. Zallar açılandan sonra idmançı yarışlara gedə bilmir. Axı hazırlaşmalıdır, itirdiyi formanı bərpa etməlidir. Bu mənada idmanın pandemiyadan çəkdiyi zərər daha çoxdur. Hər bir federasiyada təşkilati işlər və idman nəticələri vacib məqamdır. Bu baxımdan AFFA-nın nailiyyətləri çox yaxşı olub. Təşkilati baxımdan AVRO-2020 çox uğurlu keçirildi. AFFA ondan əvvəl də müxtəlif yarışların təşkilini yüksək səviyyədə keçirib. Eyni zamanda “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışını da qeyd etmək lazımdır. İlk dəfə pley-off mərhələsinə çıxıblar. Komandanın nəticələrini və AFFA-nın fəaliyyətini alqışlayırıq”.
O, MOK-la AFFA arasında əməkdaşlığın hər zaman yüksək səviyyədə olduğunu vurğulayıb. Hüseynzadə Azərbaycan futbolçularının bu il Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəyinə və uğur qazanacağına ümid etdiyini bildirib.