27 noyabr 2024. Çərşənbə

Qərbi Azərbaycan həqiqətləri növbəti dəfə PREZİDENTİN ÇIXIŞINDA


Qərbi Azərbaycan həqiqətləri növbəti dəfə PREZİDENTİN ÇIXIŞINDA
44 günlük Vətən Müharibəsi dövründə olduğu kimi, bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev faşizmi özünün dövlət ideologiyasına çevirmiş Ermənistana, dünya erməniliyinə və onların havadarlarına qarşı informasiya mübarizəsinin önündə gedir. Hər çıxışında ermənilərin son iki yüz ildə xalqımıza qarşı törətdikləri cinayətləri, bu cinayətlərin bu və ya digər faktını, mərhələsini xatırladır. Xatırladır ki, zaman-zaman bu cinayətləri unudan millətimiz bir daha unutqanlıq girdabına yuvarlanmasın. Xatırladır ki, Mirzə Cəlilin “Kamança”sındakı çolaq erməninin kamançasının səsinin həsrətində olanlar Bakı qırğınlarını, Xocalı soyqırımını, Gəncə, Tərtər vəhşiliyini unutmasınlar.

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı çıxışında və gənclərin suallarına cavab verərkən bir daha gənclərimizin diqqətini son yüz ildə ermənilərin xalqımıza qarşı törətdiyi deportasiya və soyqırımı faktlarına cəlb etdi. “Azərbaycanlılar öz doğma torpaqlarından bir neçə mərhələ ilə qovulmuşdur”, – dedi və həmin mərhələləri bir-bir xatırlatdı, – “1918-ci ili heç vaxt yaddan çıxarmamalıyıq. O vaxt Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı - qədim Azərbaycan şəhərini Ermənistana faktiki olaraq heç bir səbəb olmadan bağışladı. Göstərilən səbəblər də, necə deyərlər, keçərsizdir, yəni onları səbəb kimi adlandırmaq olmaz və bu cinayəti heç vaxt bağışlamaq və əsaslandırmaq olmaz. Halbuki, o vaxt İrəvandan olan nümayəndələr buna qəti etiraz edirdi. Amma onların sözünə baxmadılar”.

Cənab Prezident sovet rejiminin antiazərbaycan və ermənipərəst mahiyyətini də ortaya qoydu: “1920-ci ildə isə artıq sovetləşmədən sonra noyabr ayında sovet hakimiyyəti Zəngəzuru bizim əlimizdən alıb Ermənistana birləşdirdi. Bu da böyük ədalətsizlik idi. Onu da deməliyəm ki, o vaxt Zəngəzuru bizdən alanda indiki Ermənistan ərazisində yerləşən Zəngəzur indiki sərhədlərdə olmayıb, daha az ərazini əhatə edib. Ondan sonra illər keçdikdə müxtəlif bəhanələr altında yavaş-yavaş bizim kəndlərimizi götürüb Ermənistana birləşdirdilər”.

Və bu proses 1969-cu ilə – Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayana qədər davam edib. 1921-ci ilin Qars müqaviləsində Azərbaycan-Ermənistan sərhədləri son dərəcə dəqiqliklə müəyyən edilsə də, “Böyük Ermənistan” virusu ilə xəstələndirilib, zombiləşdirilmiş bir topluma çevrilən ermənilər addım-addım ərazilərimizə soxulublar.

Cənab Prezident, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı erməni vəhşiliyinin növbəti mərhələsi kimi, 1948-1953-cü illər deportasiyası üzərində də dayandı: “1940-1950-ci illərdə azərbaycanlılar deportasiyaya məruz qaldılar və yüz minlərlə azərbaycanlı öz doğma torpağından Kür-Araz ovalığına köçürüldü. Onlar, dağ yerlərində yaşamağa öyrəşmiş insanlar Aran zonasına köçürüldü, özü də o vaxt orada heç kim yaşamırdı – nə su var idi, nə yaşamaq üçün şərait var idi - bir çoxları da orada həlak oldular”.

Prezident İlham Əliyev Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən soydaşlarımızın deportasiyasının sonuncu – 1988-ci il mərhələsi üzərində də dayandı, bunu sovet hakimiyyəti tərəfindən xalqımıza qarşı törədilmiş cinayət və ədalətsizlik aktı kimi qiymətləndirdi.

Bəli, cənab Prezident hər çıxışında erməni faşizminin mahiyyəti, xalqımıza qarşı törətdiyi saysız-hesabsız cinayətlər barədə öz sözünü deyir, Qərbi Azərbaycan torpaqlarımızdan zaman-zaman qovulmuş soydaşlarımızın tarixi-siyasi-hüquqi-mənəvi haqqını yüksək kürsülərdən bildirir, gələcək nəsillər üçün mesajlarını verir, “biz mütləq o torpaqlara qayıdacağıq”, – deyir. Təəssüf ki, biz bu mövqeyin davam və inkişaf etdirilməsini bir çox dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətində görmürük. Təəccüblüdür, nədən? Qoy bu suala da yüksək vəzifəli məmurlarımız, nazirlərimiz, komitə sədrlərimiz, idarə rəislərimiz cavab versin.


Əziz Ələkbərli
Milli Məclisin deputat






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir