- Xəbər news
- 22:34 14.11.2024
Bu il kişilər arasında boks üzrə Avropa Çempionatı Ermənistanda keçiriləcək. 21-31 may tarixində İrəvanda təşkil olunması nəzərdə tutulan turnirdə Azərbaycan idmançılarının iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Azərbaycan Boks Federasiyasının yeni prezidenti Sahil Babayev İrəvanda keçiriləcək yarışla bağlı bildirib ki, yeni seçilmiş rəhbər olaraq baş məşqçi, məşqçilər korpusu və idmançılarla geniş müzakirələr aparacaqlar:
"Azərbaycan boksu üçün xeyirlisi nədirsə, o addımları atacağıq. Boksçularımız istənilən yerdə və istənilən rəqiblə görüşlərdə qələbə qazanmağa hazırdır. Hər bir boksçumuz istəyər ki, həmin yarışda qələbələr qazansın. Məşqçi heyəti ilə qiymətləndirməni aparacağıq və bundan sonra qərar verəcəyik. Yekun qərar idmançılardan və məşqçilərdən asılıdır".
İdmançılarımızın bu yarışda iştirakı vacibdirmi?
Corner.az xəbər verir ki, bununla bağlı Modern.az-a danışan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov hesab edir ki, Azərbaycan idmançıları istənilən ölkədə keçirilən yarışlarda qalib gəlməyə qadirdir.
“Biz qalib ölkənin qalib xalqıyıq. Azərbaycan idmançıları istənilən yarışlarda iştirak edə bilərlər. Hələ torpaqlarımızın işğal altında olduğu vaxtda cüdoçularımız gənclər arasında keçirilən tunirdə iştirak edib, Ermənistanda bayrağımızı qaldırıb, himnimizi səsləndirə biliblər.
Aydın məsələdir ki, builki yarışlarda təxribatlar, idman etikasına uyğun olmayan hərəkətlərin müşahidə edilməsi mümkündür. Amma Azərbaycan boksçuları istənilən məkanda, istənilən rəqibə qarşı döyüşməyə hazırdır. Bunu birmənalı olaraq qəbul etməliyik”.
Raqif Abbasovun fikrincə, idmançılarımız İrəvanda təşkil olunacaq yarışda iştirak etməlidirlər:
“Bu yarışda xüsusilə iştirak etməliyik. Baxmayaraq ki, təxribatlarla nəticələrə təsir etmək ehtimalı çox yüksəkdir, amma iştirak mütləqdir. Ona görə ki, biz qalib xalqın nümayəndəsi kimi öz hərəkətimizi, öz davranışımızı bununla bir daha sübut etmiş olarıq”.
İdarə rəisi Ermənistanın yarışla əlaqədar Bakıya zəmanət verməsinin vacibliyini vurğulayıb:
“Ermənistan tərəfindən zəmanət verildiyi halda biz bu yarışda iştirak edə bilərik. Məlumdur ki, yarışın keçirilməsində dövlət və buna məsul olan dövlət qurumları zəmanət verməlidir. Bu zəmanət tək bizə yox, eyni zamanda Avropa Boks Federasiyasına, Dünya Boks Federasiyasına da verilməlidir. Ermənilərin verəcəyi zəmanət idmançılarımızın təhlükəsizliyi ilə bağlı olmalıdır. Yarışların harada keçirilməsi, rəqibin kim olması, bizim üçün heç bir əhəmiyyət kəsb eləmir. Azərbaycan dünya və Avropa üzrə boks çempionları yetişdirmiş ölkədir. Bu bizə əsas verir ki, Avropa çempionatında iştirak edib növbəti dəfə medallarımızı qazanaq”.