Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli barəsində Polşanın bəzi media orqanlarında yayılan iddialara münasibət bildirib. Corner.az xəbər verir ki, o, Xorvatiya mətbuatına müsahibəsində “Legiya”da çıxış etdiyi vaxtlarda gecə həyatına meylli olması və spirtli içki qəbul etməsi barədə yazılanlar haqda bunları deyib:
“Bu haqda danışmağı sevmirəm. Amma hamı əsl həqiqəti bilməlidir. Mənim bir klubda çəkilən şəklim dərc olundu. Bəli, mən bəzən klublara gedirdim, bunu etiraf etmək çətin deyil. Heç kimə yalan danışmayacam, çünki elə biri deyiləm. Mənim istirahət günüm olanda kluba gedirəm. Problem nədir ki? Bir neçə ayda bir dəfə kluba getdiyim olur. Amma mən spirtli içki içmirəm.
Qayıdaq Polşa mətbuatında yayımlanan o şəkilə. Bu hadisə bizim “Slaviya” (Praqa) ilə oyundan əvvəl baş vermişdi. Həmin oyunda isə mən düz üç qol vurdum! Mən onda ümumiyyətlə, əylənmirdim. Biz istirahətdə idik. Bir az gəzdim, vəssalam. Həmin şəkil dərc olunandan sonra mənim haqqımda dedilər ki, intizamsız futbolçuyam, kluba hörmət etmirəm. Düz yarım il mənim boş vaxtımda keçirdiyim bir görüşümdən yazdılar. Hər dəfə eyni şəkil paylaşılırdı, elə təsəvvür formalaşdırılırdı ki, mən həmişə klublara gedirəm. Mən isə yarım ildə bir dəfə orda olmuşdum. İnanılmaz bir şeydr. Bunu kim mənə qarşı edirdi, həqiqətən bilmirəm, anlamıram. Mən maksimum dərəcədə peşəkaram”.