Xorvatiyanın “Dinamo” klubunun azərbaycanlı futbolçusu Mahir Emreli “Sportske novosti”yə müsahibə verib. Corner.az həmin müsahibəni təqdim edir:
- “Dinamo”ya gəlmək özünü böyük səhnədə göstərmək üçün yaxşı şansdırmı?
- Nə düşündüyünüzü bilirəm… Bununla belə, hazırda tək düşündüyüm şey “Dinamo”nun bir parçası olmaq, keyfiyyətimi göstərmək, komanda üçün mübarizə aparmaq, bunun üçün əlimdən gələni etməkdir. Öz gələcəyimi deyil, həm də “Dinamo”nu düşünürəm. Artıq böyük səhnədə olmuşam, Avropa Liqası, Çempionlar Liqası… Təcrübəm çoxdur demirəm, amma yaşıma görə kifayət qədər təcrübəliyəm. “Dinamo”nun, azarkeşlərin gözləntilərini qarşılayacağıma inanıram.
- “Dinamo” haqda nə bilirsən?
- “Dinamo”nun tarixi haqda hər şeyi bilirəm. Komandanın tək Zaqreb üçün yox, Xorvatiya üçün nə olduğunu yaxşı bilirəm. Avropanın öndə gələn komandalarına oyunçu satan bir klubdur. Xorvatiyada kifayət qədər titul qazanıb və Avropada uğurlu olan bir komandadır. “Dinamo” haqda çox şey oxumuşam, çox şey bilirəm. “Dinamo”nun sadəcə futbolla bağlı bir hekayə olmadığını bilirəm. Azərbaycanın “Qarabağ” klubu kimi. Çünki “Qarabağ” tək futbolda deyil, futboldan kənarda da bir tarixdir.
- Polşa mətbuatının xəbərinə görə, “Legiya” ilə yaxşı ayrılmadın. Sənin haqqında içki içməyinlə bağlı məqalə var idi.
- Bu haqda danışmağı sevmirəm. Amma hamı əsl həqiqəti bilməlidir. Mənim bir klubda çəkilən şəklim dərc olundu. Bəli, mən bəzən klublara gedirdim, bunu etiraf etmək çətin deyil. Heç kimə yalan danışmayacam, çünki elə biri deyiləm. Mənim istirahət günüm olanda kluba gedirəm. Problem nədir ki? Bir neçə ayda bir dəfə kluba getdiyim olur. Amma mən spirtli içki içmirəm. Qayıdaq Polşa mətbuatında yayımlanan o şəkilə. Bu hadisə bizim “Slaviya” (Praqa) ilə oyundan əvvəl baş vermişdi. Həmin oyunda isə mən düz üç qol vurdum! Mən onda ümumiyyətlə, əylənmirdim. Biz istirahətdə idik. Bir az gəzdim, vəssalam. Həmin şəkil dərc olunandan sonra mənim haqqımda dedilər ki, intizamsız futbolçuyam, kluba hörmət etmirəm. Düz yarım il mənim boş vaxtımda keçirdiyim bir görüşümdən yazdılar. Hər dəfə eyni şəkil paylaşılırdı, elə təsəvvür formalaşdırılırdı ki, mən həmişə klublara gedirəm. Mən isə yarım ildə bir dəfə orda olmuşdum. İnanılmaz bir şeydir. Bunu kim mənə qarşı edirdi, həqiqətən bilmirəm, anlamıram. Mən maksimum dərəcədə peşəkaram.
- Hansı mövqedə özünü daha yaxşı hiss edirsən?
- Son illər daha çox mərkəz hücumçusu oynamışam. Ancaq heç vaxt yalnız cərimə meydançasında qalmamışam, topa gəlməyi, boşluq açmağı xoşlayıram… Sağa, sola hərəkət edirəm. Bəzən bu, məşqçilərin xoşuna gəlmir. Belə şeyə səbr etmirlər. Amma deyirəm, sağda da, solda da oynaya bilərəm, problem deyil.
- Azərbaycan millisində xorvatiyalı mütəxəssislər çalışıb. Nikola Yurçeviç və Robert Prosineçki ölkənizdə işləyib. Onlar haqda nə düşünürsən?
- Azərbaycanda hamı Robert Prosineçki üçün darıxır. Əvvəlcə Prosineçki məni San Marino ilə səfər oyununa apardı. Daha sonra Qətərlə yoxlama görüşündə iştirak etdim. Ardınca Norveçlə ilk rəsmi matçıma çıxdım. Həmin oyundan əvvəl onun mənə dediyi sözləri heç vaxt unutmayacam. 19 yaşım var idi və çox həyəcanlı idim. Bunu hiss edən Prosineçki nahardan sonra məni kənara çağırdı. O, “səbrli ol, sərbəst oyna” dedi və əlavə etdi ki, dünyada futbolçu olmaqdan yaxşı heç nə yoxdur. Çünki futbol başqa peşələrə bənzəmir. Yəni mən bu anlardan zövq alıram, gəncəm və qorxu barədə fikirləşmirəm. Bu sözləri indiyədək xatırlayır və özünəməxsus motivasiya kimi istifadə edirəm. Zaman-zaman onun sözlərini yada salıram. Biz böyük yarışlarda heç vaxt favorit olmasaq da, onun rəhbərliyi altında çox yaxşı çıxış etmiş və ciddi inkişafa nail olmuşuq. Yurçeviç əla insan və məşqçidir. Təəssüf ki, o yığmada uzun müddət baş məşqçi olmadı, cəmi bir il çalışdı. Onun dönəmində Bakıda Macarıstana qol vurdum, Xorvatiyaya qarşı yaxşı çıxış etdik. Yurçeviç oyunçuları əla başa düşür, onlara daim dəstək olurdu. Onunla qonşu idik, özünə və ailəsinə hörmətlə yanaşıram.
- “Sevilya” ilə oyunda meydanda olacaqsan?
- Transfer dövrü mənim üçün uzun çəkdi. Bir ay heç nə etmədim. Sonra fərdi məşqlərə başladım. Hazırlığa yenicə başlamışdım ki, xəstələndim, koronavirusa yoluxdum. İndi “Dinamo”da çox çalışıram. Komanda yoldaşlarımdan böyük dəstək var. İndi görək necə olacaq. Hazır olsam, “Sevilya” ilə oyunda şans qazana bilərəm.
- “Dinamo”ya gəlmək qərarına gələndə ailən necə reaksiya verdi?
- Bir neçə təklifim olub. Eşidəndə ki, “Dinamo” mənimlə maraqlanır, başqa variantları unutduq. Bilirsiz, anam futbolu çox sevir və yaxşı bilir. Ailədə hər kəslə danışdım. Hamı tərəfimdə idi.
- Ailən Zaqrebdə qalacaq?
- Qardaşım ilk gündən yanımdadır. Bacım iki gün əvvəl bura gəlib. Anam isə bir həftə sonra bizimlə olacaq. Hələlik mənzil tapmamışam. Anamı gözləyirəm. Bacım Milanda oxuyur. O, tez-tez Zaqrebə səfər edəcək. Anam isə bir müddət Zaqrebdə, bir müddət isə Bakıda olacaq. Qardaşım isə burada yaşayacaq.