Azərbaycan millisinin sabiq hücumçusu Nurlan Novruzov Nepal mətbuatına müsahibə verib. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu “Maçhindra” komandasının heyətində ölkə çempionu olmasından danışıb.
Sözügedən komanda sona iki tur qalmış “Satdobato”nu 1:0 hesabı ilə üstələyib. Novruzov qarşılaşmada qələbə qoluna imza ataraq komandasını çempion edib.
Azərbaycan millisinin sabiq üzvü çempionluq matçından sonra yerli mətbuata açıqlamasında bunları söyləyib: “Burada olduğum üçün xoşbəxtəm. Çempion olduq və titul qazandıq. Çempion olduğum üçün çox məmnunam. Komandada yaxşı və şən vaxt keçirdik. Fikrimcə, bir ailə olmağı bacardıq”.
Nurlan qarşıdakı son iki matçdan da qalib ayrılmaq istədiklərini bildirib: “Hazırda əsas hədəf sadəcə son iki matçımızdan qalib ayrılmaq, ardından kubokda yaxşı çıxış etməkdir. Liqadakı qalan oyunlarımızdan da qalib ayrılmaq istəyirik. Daha sonra kubok oyunları başlayacaq. Bu turnirin də qalibi olmağa çalışacağıq”.
Novruzov Nepal çempionatının səviyyəsi barədə də danışıb: “Ölkə çempionatında müəyyən aspektlər var ki, onların daha da yaxşılaşdırılmasına ehtiyac var. Məsələn, peşəkarlıq bir qədər aşağı səviyyədədir. Komanda yoldaşım Maniş ağır zədə almışdı. Amma meydanda tibbi xidmət yox idi. Bu da üzücü məqamdır. Mən də zədə səbəbindən iki həftə oynamamalı idim. Amma bu iki həftənin tamamlanmasını gözləmək istəmədim”.
Buna baxmayaraq, Nurlan Nepalı və nepallıları bəyəndiyini də söyləyib: “Nepalı çox sevirəm. Burada çoxlu xatirələrim var. Artıq ikinci dəfədir buradayam. Yenidən Nepala qayıdıb-qayıtmayacağımı bilmirəm. Artıq 8 ildir legioner həyatı yaşayıram. Bu baxımdan Nepaldakı karyeramı xüsusi qeyd edərdim. Bura gəldiyim, nepallıları tanıdığım üçün xoş xoşbəxtəm”.
Xatırladaq ki, Novruzov 2021-ci ildən bu komandanın formasını geyinir. O, daha əvvəl Nepalda “Lalitpur Siti”nin şərəfini qoruyub. Nurlan “Maçhindra” ilə çempion olduqları matçdan sonra Nepal liqasının ən dəyərli futbolçusu da elan olunub.