- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycanlı futbolçu Nurlan Novruzov Nepal çempionatının ən dəyərli futbolçusu seçilib və ona 10 min Nepal rupisi (141,71 manat) verilib.
Corner.az xəbər verir ki, ötən ilin oktyabrın 27-dən “Maçindra” klubunun şərəfini qoruyan Nurlan bu komanda ilə A divizionunun qızıl medalını qazanıb.
O, “Satdobato” klubuna 1:0 hesabı ilə qalib gəldiyi görüşün 53-cü dəqiqəsində həlledici qolu vurub.
“Mən sadəcə xoşbəxtəm. Biz çempion olub titul qazandıq. Nepalda A divizionunda ilk dəfədir ki, oynayırdım. Çempion olduğum üçün çox şadam. Məncə, biz fərdi yox, “Maçindra” ailəsi kimi birgə bu zəfərə nail olduq.
Zədəli komanda yoldaşım Maniş Danqinin meydançaya qayıdıb zəfəri bizimlə qeyd etməsini görmək əla oldu. Maniş sağlamdır, onu görəndə şad oldum. Mən emosional adamam, gözlərimdən yaş gəldi.
Çempionatda daha iki oyunumuz var. Biz həmin matçlarda da qalib gəlmək istəyirik. Daha sonra Qızıl Kuboklar başlayır. Bu komanda ilə bütün turnirlərdə qalib gəlmək istəyirik”.
O daha sonra “Qala” komandası ilə oyunda meydanda olmamasının səbəbini izah edib: “İki tur oynaya bilmədim, ancaq iki tur həkimin icazə verməməsini gözləyə bilməzdim. “Qala” ilə oyunda problem olsaydı, oyuna girərdim. Həmin matçda qələbə qazandığımız üçün meydan daxil olmağa risk etmədim”.
O, Nepal Liqasında təkmilləşdirilməli olan məqamların olduğunu bildirib: “Liqada peşəkarlıq bir az zəifdir. Komanda yoldaşımız Maniş ağır zədəli idi. Meydanda həkim yox idi. Ayıbdır”.
Daha əvvəl ötən il Nepal Super Liqasında “Lalitpur Siti” komandasının şərəfini qorumuş 28 yaşlı hücumçu çempionatlar arasındakı fərqi müqayisə edib:
“Məncə, Nepal Super Liqası A divizionundan daha yaxşıdır. Super Liqanın keyfiyyətli oyunçuları var”.
Nurlan Nepalı və yerli əhalini bəyəndiyini və burada çoxlu xatirələrinin olduğunu bildirib:
“Nepalı və onun xalqını çox sevirəm. İkinci dəfə burada olmağımın səbəbi Nepala olan sevgimdir. Ancaq bir daha Nepala gəlib-gəlməyəcəyimi bilmirəm. Keçmişlə bağlı xoş xatirələrim var və mən Nepal Super Liqasının da çempionu olmaq istəyirəm.
Səkkiz ildir ki, xaricdə futbol oynayıram. Bu müddət ərzində çoxlu xatirələrim var. Mənim üçün ən yaxşısı Nepal xalqını tanımağım oldu. Bura gəlib nepallıları tanıdığım üçün xoşbəxtəm”.
Qeyd edək ki, bu klubda daha bir azərbaycanlı futbolçu, əvvəllər U-17-U-23 komandalarında mərkəz müdafiəçisi oynamış Sadiq Quliyev də çıxış edir. (oxu.az)