27 noyabr 2024. Çərşənbə

Belə bir gündə qalmaqaldan danışmaq istəmirəm


Belə bir gündə qalmaqaldan danışmaq istəmirəm

"Futbolçu olduğum dönəmdə də meydanda aqressiv olmamışam. Mədəni şəkildə öz oyunumu göstərməyi və kobudluğa yol verməməyi hədəfləmişəm. "Neftçi"də və digər klublarda müdafiəçi kimi çıxış edərkən futbol qaydalarına uyğun mübarizə aparmağa çalışmışam. Hətta oyunçu kimi az sayda sarı vərəqələr almışam. Qırmızı vərəqə aldığımı xatırlamıram. Həmin dönəmdə hakimlərlə görüşəndə bunu yada salırdılar".

Corner.az xəbər verir ki, bu sözləri bu gün 65 yaşı tamam olan Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru, "Neftçi"nin sabiq futbolçusu Asim Xudiyev "Report"a müsahibəsində deyib. Müsahibəni təqdim edirik:

- İlk olaraq, sizi yubiley münasibəti ilə təbrik edirik. 65-ci doğum gününüzü necə qeyd edirsiniz?

- Bu gün çoxlu sayda zənglər almışam. İstər yaxınlardan, istərsə də ölkə xaricindən təbrik edənlər olur. Dostlar, tanışlar, futbol veteranları və qohumlar səhər saatlarından ya sosial şəbəkə vasitəsilə, ya da zəng edərək ürək sözlərini çatdırırlar. Hətta təbriklər davam edir. O qədər çox insan əlaqə saxlayır ki, bəzilərinə cavab verə bilmirəm. Sizə də təşəkkürümü bildirirəm ki, bu gün mənə diqqət ayırdınız.

- Yubileyinizlə bağlı hansısa tədbir nəzərdə tutulurmu?

- Əlbəttə. Yaxın insanlar, dostlar və mütəxəssislərimiz boş vaxt olan kimi yığışaraq kiçik ziyafət təşkil edəcəyik. İş günlərində vaxt təyin etmək bir az çətindir. Amma münasib vaxt olan kimi yaxınları dəvət edəcəyəm.

- Əlamətdar gün üçün hansısa yoldaşlıq oyunu nəzərdə tutulmayıb?

- Xeyr. Bizim futbol oynayan dövrümüz gedib (gülür). Mənim hazırda fiziki imkanım yoxdur. 2-3 dəfə əməliyyat olunmuşam. Həkimlər qaçışla məşğul olmağa icazə vermir. 60 illiyimdə də yoldaşlıq görüşü təklif etmişdilər. Bu dəfə də dostlarımı süfrə arxasına dəvət edəcəyəm. Keçmiş günlərimizi, oyunlarımı yada salacağıq.

- Keçmiş günlərdən söz düşmüşkən, hakimlik etdiyiniz dönəmi xatırlamağınızı istərdik. Futbol ictimaiyyəti Asim Xudiyevi mülayim hakim kimi yadda saxlayıb. Sizin idarə etdiyiniz görüşlərdə kobudluqların, qayda pozuntularının az olmasının əsas səbəbi nə idi?

- Futbolçu olduğum dönəmdə də meydanda aqressiv olmamışam. Mədəni şəkildə öz oyunumu göstərməyi və kobudluğa yol verməməyi hədəfləmişəm. "Neftçi"də və digər klublarda müdafiəçi kimi çıxış edərkən futbol qaydalarına uyğun mübarizə aparmağa çalışmışam. Hətta oyunçu kimi az sayda sarı vərəqələr almışam. Qırmızı vərəqə aldığımı xatırlamıram. Həmin dönəmdə hakimlərlə görüşəndə bunu yada salırdılar. Futbolçu karyeramı bitirdikdən sonra hakimliyə başladım. Müstəqillik vaxtı 3 FIFA hakimindən biri idim. Oyunçu kimi necə idimsə, hakimlik dövrümdə də eyni olmağa cəhd edirdim. Qarşılaşmanı idarə edəndə özümü meydanda futbolçu kimi də görürdüm. Həmişə futbolçuların qaydalar çərçivəsində oynamasını istəmişəm. Sözsüz ki, referinin meydanda olan hörməti və nüfuzu matçlarda önəmlidir. Klubların əksəriyyəti mənim təyinat aldığım görüşdə qalmaqalın, etirazın olmaması üçün çalışırdılar. İstər futbolçular, istərsə də azarkeşlər mənə hörmətlə yanaşırdılar. Bir çox matçlarda baş hakim olanda meydana çıxmazdan əvvəl Tovuzda, Gəncədə və Bakıda fanatlar söyləyirdilər ki, qarşılaşmalar ədalətli olacaq və Asim Xudiyev futbolçuların kobud oynamasına icazə verməyəcək. Hazırda məni görənlər yenə bildirirlər ki, futbolçulara ən az vərəqə göstərən siz olmusunuz.

- Hakimlik karyeranızda göstərdiyiniz qırmızı vərəqlərin sayını xatırlayırsınızmı?

- Xeyr. Belə statistika aparmamışdım. Amma xatırlayıram ki, hər oyuna minumum 1, maksimum 3 sarı vərəqə göstərmişəm. Hərdən futbolçular həddi keçdikləri üçün vərəqə alırdılar. Sözsüz ki, kobudluğa yol verənləri cəzalandırırdım. Oyunçular hiss etməlidirlər ki, matçda hörmətə layiq hakim var.

- Hazırda hakim-inspektor kimi fəaliyyət göstərirsiniz. Azərbaycan hakimliyinin hazırkı durumu sizi qane edirmi?

- İşimizə görə hakimliklə bağlı və ya hansısa oyunlarla bağlı fikir bildirmək qadağan olunub.

- İdarə etdiyiniz oyunlar arasında hansıları ön sıralara qoya bilərsiniz?

- 45 yaşım tamam olanda hakimliklə vidalaşdım. FIFA bu yaşadək beynəlxalq referilik etməyə icazə verirdi. 10 il FIFA referisi kimi ölkəmizi təmsil etdim, bu isə az müddət deyil. Almaniyada "Bavariya" və Çexiyanın "Slaviya" (Praqa) komandaları arasındakı UEFA Kubokunun oyununu qeyd edə bilərəm. Bundan əlavə, milli komandaların Avropa və dünya çempionatının seçmə matçlarını idarə edirdik. Həmin illər hakimlərimiz çox təyinat almırdı. Mövsüm ərzində 4-5 təyinatla kifayətlənirdik. Maraqlı oyunlarımız çox olub.

- Bəs qalmaqalla yadda qalan oyunlarınız olub?

- Belə bir gündə qalmaqaldan danışmaq istəmirəm (gülür).








Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir