- Xəbər news
- 22:34 14.11.2024
1 mart
2022-ci il tarixində Qarabağ Dirçəliş Fondu, “Opalus Partners Group” və “Geopro”
şirkətlərinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərin bərpası
və yenidən qurulmasına dəstək olmaq məqsədilə, “korporativ ianəçilik mədəniyyətinin
təşviqi” mövzusunda fikir mübadiləsi görüşü keçirilib.
Corner.az xəbər verir ki, tədbirin əsas
məqsədi ianə mədəniyyətini təbliğ etmək, bu mövzuda maarifləndirmə aparmaqla şirkət
daxilində işçi heyətin funksional aktivliyini, mədəni, mənəvi və milli dəyərlərə
sadiqliyini artırmaq və Qarabağın dirçəlişi uğrunda həmrəylik göstərməyə təşviq
etməkdir.
Korporativ
könüllülük sosial məsuliyyət elementi olaraq vaxtın maliyyə mükafatı müqabilində
deyil, mütəşəkkil qruplar daxilində başqalarının xeyrinə ianə edilməsi
prinsipidir.
Tədbirdə
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Opalus Partners
Group” şirkətinin direktoru Çimnaz Qasımova, “OMG İnternational” şirkətinin
prezidenti Faiq Hacıəlibəyov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə
əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov,
“PAŞA Holding” MMC-nin Korporativ Kommunikasiya üzrə baş mütəxəssisi Aytac
Muxtarzadə, “Qırmızı ürəklər” Xeyriyyə Fondunun prezidenti Sevda Haqverdiyeva, “AzerGold”
QSC-nin İnsan Resurslarının İdarəolunması şöbəsinin müdiri Ceyhun Əliyev, “Azercell
Telekom” MMC-nin Korporativ Əlaqələr departamentinin direktoru Sona Abbasova çıxış
edib.
Çıxışlar
zamanı ianə mədəniyyətinin rolu və vacibliyi, ianəçiliyin geniş ictimaiyyətə
ötürülməsinin təmin edilməsi, korporativ
ianəçilik mədəniyyətinin təşviqi və onun həyata keçirilməsi üçün qabaqcıl təcrübələrdən istifadə olunması, mənəvi
və digər stimulların genişləndirilməsi kimi məsələlərə xüsusi yer ayrılıb.
Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Ali Baş Komandanın rəhbərliyi
ilə müzəffər Azərbaycan ordusunun qazandığı qələbənin əhəmiyyətindən danışıb. Rəhman
Hacıyev bildirib ki, Qarabağın dirçəlişi bütün xalqımızın qarşısında duran əsas
vəzifələrdən biridir.
Rəhman
Hacıyev tədbir iştirakçılarına Fondun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri və
fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
R. Hacıyev Qarabağ Dirçəliş Fondunun ötənilki
fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə danışarkən vurğulayıb ki, Qarabağ
Dirçəliş Fondunun fəaliyyətində əsas prioritet istiqamətlərdən biri ermənilərin
işğaldan azad olunan ərazilərdə 30 ilə yaxın bir müddət ərzində apardıqları
qeyri-qanuni fəaliyyət və işğal nəticəsində Qarabağa dəyən zərərin miqyası barədə məlumatların geniş ictimaiyyətə
çatdırılmasıdır.
Eyni zamanda, Qarabağda
tarixi irsimizin bərpasının da Fondun fəaliyyətinin
əsas prioritetlərindən
olduğunu qeyd edən Rəhman Hacıyev, cari ildə
nəzərdə
tutulan layihələr, fonda cəlb
olunan ianələr və
ianə etmək imkanları barədə
də ətraflı məlumat
verib.
Daha sonra Rəhman Hacıyev tərəfindən Fondun donorlarına “İanə Sertifikatı”
təqdim olunub.
Tədbirdə Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti hörmətli
Mehriban xanım Əliyevanın ideya müəllifi
olduğu, Ermənistan-Azərbaycan
münaqişəsinin səbəbləri
və Ermənistanın təcavüzünün
nəticələri
barədə obyektiv məlumatların
sistemləşdirilməsi və
geniş ictimaiyyətə
çatdırılması məqsədilə
yaradılan “Karabakh.Center” internet-resursu əsasında “Qarabağda
urbisid” videoçarxı nümayiş olunub.
Daha
sonra Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədovanın
moderatorluğu ilə fikir mübadiləsi sessiyası keçirilib.
Tədbirin
sonunda Pərvin Məmmədova və Çimnaz Qasımova Qarabağ Dirçəliş Fondu, “Opalus
Partners Group” və “Geopro” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən bugünkü
tədbirin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, belə görüşlərin mütəmadi
keçirilməsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində
iştirakçılılığın təmin edilməsi, eyni zamanda bu sahədə korporativ
xeyriyyəçiliyin təbliği kimi məsələlərə böyük töhfə verə bilər.