25 oktyabr 2024. Cümə

Riad Rəfiyevin dediyi iddialı Sumqayıt'ı görmək istəyirəm


Riad Rəfiyevin dediyi iddialı Sumqayıt'ı görmək istəyirəm

"Klub prezidenti yeni baş məşqçinin təqdimatında belə bir söz dedi ki, əsl "Sumqayıt"ı yaydan sonra görəcəksiniz. Mən o iddialı komandanı görmək istəyirəm".

Corner.az xəbər verir ki, bunu "Sumqayıt" klubunun sabiq baş məşqçisi Ayxan Abbasov "gənclik şəhəri" təmsilçisinin qış fasiləsindən sonra ölkə kuboku və Premyer Liqadakı uğursuz çıxışı barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis bildirib ki, Riad Rəfiyevin sözlərindən sonra onda komandanın yeni mövsümdən çempionluğa oynayacağı təsəvvürü formalaşıb: "Sumqayıt" indiyədək 3-cü yeri tutub, avrokuboklara gedib. Klub prezidenti o sözü elə iddialı dedi ki, düşünürəm, yəqin, legioner transferinə icazə veriləcək və daha iddialı "Sumqayıt" görəcəyik".

Abbasov istefaya göndərilməsi ilə bağlı sualın klub rəhbərliyinə ünvanlanmalı olduğunu söyləyib: "Qoy, özləri açıqlasın, bəlkə bir bildikləri var. Başqa komandada legionerlə işləmişəm, nəticə də vermişəm. Mənə "Sumqayıt"da belə bir təklif olmayıb. Ora gedəndə bilirdim ki, legioner alınmasına icazə verilməyəcək. Hətta mənə inanmayanlar çox idi. Deyirdilər ki, milliləşdirilmiş oyunçularla nəticə vermək olmaz. Amma biz bunu bacardıq, əksər komandaları üstələdik. Bəzi futbolçularımız yaxşı formaya düşüb digər komandalara transfer oldu".

Yeni baş məşqçi Aleksey Baqanın işini də dəyərləndirən təcrübəli mütəxəssisin onun "Sumqayıt"a heç bir yenilik gətirmədiyini vurğulayıb: "Hələ axtarışdadır. Komandanı qış fasiləsindən sonra analiz etsək, mənə elə gəlir ki, belaruslu mütəxəssis indiyədək heyəti tam formalaşdıra bilmir. "Sumqayıt"ın ən vacib oyunları ölkə kubokunda idi. Çünki rəqib "Qəbələ" idi, fikirləşirdik ki, qışda 1-2 transfer edərək, yarımfinala çıxmaq və orada "Qarabağ"la mübarizə aparmaq olar. Amma gördük ki, "Qəbələ"yə qarşı 1/4 final görüşündə Yusif Nəbiyevi sol cinah yarımmüdafiəçisi kimi oynatdı. Elşən Abdullayevə güvənir. Son oyunda 4-3-3 sxeminə keçdi. Rəhim Sadıqova yarımmüdafiənin sol cinahında şans verdi. İlk turdan ən yaxşı formada olan Rüfət Abdullazadənin əvəzinə Araz Abdullayevi meydana buraxır. 3 turdur oynamayan Səbuhi Abdullazadəyə son qarşılaşmada şans verdi. Baqa "Sumqayıt"da ancaq sistemi dəyişib. Futbolçular isə ya o sistemi başa düşmürlər, ya da hələ uyğunlaşmayıblar. Məncə, Baqa hələ də futbolçuları tanımır. Çünki Nəbiyevi yarımmüdafiədə oynadıb Tellur Mütəllimovu müdafiəyə çəkmək mənə çatmır. Bugünkü komanda əvvəlki "Sumqayıt" deyil".

Abbasov deyib ki, "Sumqayıt"ı nəyin gözlədiyini bilirdi: "Nələrisə dəyişmək lazım idi. Özləri də problemlərdən xəbərdar idi. Son 2-3 ildə komandadan xeyli oyunçu getdi. Aşağıdan gənc futbolçular gəlmirsə, 2 ilə lider komandalara 14-15 oyunçu verirsənsə və özün də transfer etmirsənsə, axır-əvvəl bu duruma düşməlisən. Sadəcə, orada bəzi futbolçular sistemə görə oynayırdılar. Amma artıq rəqiblər də güclənib. Əvvəlki komandalar deyillər".

O, hazırda heç bir klubdan təklif almadığını qeyd edib: "Açğı, heç gözləmirəm də. Bu gün ölkə xaricinə çıxmaq çox çətindir. Agentlər vasitəsilə soruşublar. Amma real bir şey yoxdur". (report)







Xəbər news