Milli Məclisin bugünkü iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deputat Əziz Ələkbərli çıxış etmişdir.
Corner.az xəbər verir ki, o, demişdir: "Hesabatda göstərilir ki, "Qaçqın və məcburi köçkünlər üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan (təhsil haqqı, vergi və dövlət rüsumları) hərtərəfli istifadə daim Ombudsmanın diqqət mərkəzində saxlanılmışdır".
Deputat bildirmişdir ki, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında qanunda birmənalı şəkildə kimlərin məcburi köçkün, kimlərin qaçqın olduğu yazılmışdır. Bu baxımdan, mən bilmək istəyirəm ki, qaçqınlar – 1988-1992-ci illərdə Qərbi Azərbaycandan qovulan insanlar hansı güzəşt və imtiyazlardan istifadə etmişdir ki, hörmətli Ombudsman onu "daim diqqət mərkəzində saxlamışdır?"