"Mənim məşqçi kimi çoxlu arzularım var". Corner.az xəbər verir ki, bunu "Zirə"ni çalışdıran Rəşad Sadıqov deyib. Premyer Liqada ikinci mövsümünü keçirən mütəxəssis gələcəkdə Türkiyədə fəaliyyət göstərmək istədiyini bildirib.
Vaxtilə futbolçu kimi qardaş ölkədə 3 klubun formasını geyinmiş Sadıqov bunu məşqçi statusu ilə təkrarlamaq niyyətində olduğunu gizlətməyib: "Türkiyə futbolu məni həmişə özünə çəkib. Super Liqa və Birinci Liqa ilə yaxından maraqlanıram, imkan düşdükcə, oyunları izləyirəm. Zamanında orada oynamışam, futbol ab-havasından xəbərdaram. Ümid edirəm ki, gün gələcək, mənə Türkiyədə çalışmaq qismət olacaq. Açığı, ilk vaxtlar Super Liqadan dəvət alacağımı gözləmirəm. Ən yaxşısı, işə Birinci Liqadan başlamaqdır. Super Liqa klubu kənardan məşqçi gətirəndə, azarkeşlərin böyük təzyiqi ilə üzləşir. Ona vaxt vermirlər. Birinci Liqada isə bu, belə deyil. Orada öz işini göstərəndən sonra Super Liqaya dəvət almaq daha realdır". sportinfo.az