Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 28-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ştralen"in qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:2.
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da azərbaycanlı futbolçu vurub. Hücumçumuz 90+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
“Şalke II” bu nəticədən sonra 31 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.