Cari mövsümün uğursuz komandalarından olan “Səbail”in futbolçusu Əfran İsmayılov klubun gələcək turlardakı oyunu ilə bağlı nikbin deyil. Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu klubun rəsmi “İnstaqram” səhifəsinə müsahibəsi zamanı komanda yoldaşı Rauf Əliyevlə “Səbail”in durumu ilə bağlı zarafatlaşıb.
“Neftçi”ylə Premyer Liqanın 18-ci tur matçından (0:2) əvvəl klubun mətbuat katibi Əfran İsmayılova “Növbəti 10 turda səni və komandanı necə görəcəyik” sualını verib. Həmin vaxt ordan keçən Rauf Əliyev 34 yaşlı yarımmüdafiəçini ələ salmaq məqsədiylə ona “Bu barədə nə deyə bilərsiz” sualı verir. Əfran İsmayılov isə “Mən bununla, bu futbolçularla növbəti 10 tur haqqında nə deyim? Qarşıdakı turlarda ancaq qaranlıq görürəm. İndidən proqnoz vermək olmaz. Amma son sıradan qurtulmaq üçün hər oyuna yüksək motivasiya ilə çıxmaq, xal və ya xallar qazanmaq lazımdır. Bu, bizə də, rəhbərliyə də ağır gəlir. İnanıram ki, bu durumdan çıxacağıq” cavabını səsləndirir.
“Səbail” Premyer Liqada 18 turdan sonra 11 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb.