- Xəbər news
- 22:34 14.11.2024
“Dövlətimizin sürətli inkişafı, onun potensialının ildən-ilə yüksəlməsində Azərbaycan qadınının əməyini xüsusilə vurğulamaq vacibdir. Müasir həyatımızda Azərbaycan qadınının fəallığı diqqət mərkəzindədir. Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin. Milli dövlət quruculuğunun ən müxtəlif sahələrində böyük xidmətlər göstərən qadınlarımız, eyni zamanda, ictimai-siyasi proseslərin fəal iştirakçılarıdır. Azərbaycanda qadınlar həmişə özlərini sözün həqiqi mənasında cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss ediblər.”
Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov qeyd edib ki, qadınlarımız Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində misilsiz xidmətlər göstərirlər: “Bunun nəticəsidir ki, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxan Azərbaycan qadını bu gün ölkəmizdə demokratik cəmiyyətin fəal üzvü kimi çıxış edir və hər sahədə onlara göstərilən etimadı doğruldurlar. Biz əgər statistikaya nəzər yetirsək görərik ki, ümumi təhsil müəssisələrində müəllimlərin 81,7, orta ixtisas təhsil müəssisələrində 80,9, ali təhsil müəssisələrində 54 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsil alanların 46,5, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,6, ali təhsil müəssisələri tələbələrinin 49,3 faizi qızlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,5, fərdi sahibkarlar arasında isə 21,4 faizdir. Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,5 faizə çatıb.”
Deputat bildirib ki, dahi öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınına olan diqqət və qayğı hər kəsə məlumdur: “Onun qadına verdiyi qiymət, Azərbaycan qadını haqqında ifadə etdiyi səmimi tarixi fikirlər milli dəyərləri özündə yaşadan qadınlarımızın kimliyini ifadə edir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti bu gün cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva isə dövlət qadın hərəkatının aparıcı simasıdır. Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlamışdır. Mehriban xanım Əliyeva bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir. Onun çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif humanizm dayanır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir. Mehriban xanım Əliyevanın malik olduğu üstün mənəvi məziyyətlərin nəcib ailə köklərinə dərin bağlılıqdan qaynaqlanması, onun vətənimizə, dövlətçiliyimizə və xalqımıza sadiqlik əzmini şərtləndirən əsas amildir. Mehriban xanım Əliyeva ölkənin birinci xanımı olmaqla bərabər, həm də nümunəvi anadır, məsuliyyətli vətəndaşdır, dünyəvi və dini dəyərlərimizə sadiq olan Azərbaycan qadınının yeni simasıdır.”