- Xəbər news
- 11:02 25.10.2024
17 mart
2022-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman
Hacıyev ölkəmizdə səfərdə olan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) nümayəndə
heyəti ilə görüşüb.
Corner.az xəbər verir ki, görüşdə
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Ofisinin direktoru Bruno Pozzi,
BMT-nin Ətraf Mühit Proqramının eksperti Hassan Partow, BMT-nin Ətraf Mühit
Proqramının eksperti Celia Halle, BMT-nin Ətraf Mühit Proqramının Avropa
regionu üzrə koordinatoru Mahir Əliyev, BMT-nin Ətraf Mühit Proqramının
eksperti Paula Padrino, Azərbaycanın Cenevrədəki daimi nümayəndələyinin
diplomatı Kamran Seyfullayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat
rəhbəri Rəşad Allahverdiyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq
əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı iştirak ediblər.
Rəhman Hacıyev görüş iştirakçılarına Qarabağ
Dirçəliş Fondunun yaradılması, əsas məqsəd
və vəzifələri, missiyası, dəyərləri, hazırkı fəaliyyət istiqamətləri haqqında
ətraflı məlumat verib. Sədr bildirib ki, qarşıda Fondun Nizamnaməsinə
və Müşahidə Şurası tərəfindən təsdiq edilən Fəaliyyət planına uyğun olaraq,
işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işlərinə dəstəyin göstərilməsi,
sosial-iqtisadi rifahın yaxşılaşdırılması, Qarabağın dirçəlişi kimi mühüm vəzifələr
dayanır.
R.Hacıyev Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun qazandığı
tarixi qələbədən sonra yaranan yeni reallıq barədə danışarkən qeyd edib ki, işğaldan
azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün
üzvlərinin dəstək göstərməsi Qarabağa vurulan zərərin həcmi barədə məlumatlandırılmasından
birbaşa asılıdır. Bu məqsədlə Fondunun
fəaliyyətində ermənilərin bu ərazilərdə apardıqları qeyri-qanuni fəaliyyət və
işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə
çatdırılmasının xüsusi önəm kəsb edir.
İşğaldan azad edilən ərazilərdəki tarixi abidələrin, eləcə də ekoloji tarazlığın bərpasının Qarabağ Dirçəliş Fondu üçün ən prioritetli məsələlərdən biri olduğunu qeyd edən Rəhman Hacıyev, bu istiqamətdə müvafiq dövlət qurumları sıx əməkdaşlıq etdiyini bildirib.
R.Hacıyev bir çox layihələr, o cümlədən Fond və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, donor şirkətlərin dəstəyi ilə “Zəfərdən dirçəlişə” şüarı altında Zəngilanda meşə massivinin salınması layihəsi barədə məlumat verib.
Görüş zamanı Rəhman Hacıyev ianəçilik mədəniyyətinin
təbliği ilə bağlı görülən işlərdən də söz açıb.
BMT-nin Ətraf Mühit Proqramının
Avropa üzrə Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi ilk olaraq görüşə və
verilən ətraflı məlumata görə təşəkkürünü bildirib.
Fondun
belə geniş fəaliyyət istiqamətlərinin olmasının çox təqdirəlayiq olduğunu bildirən Bruno Pozzi,
BMT-nin Ətraf Mühit Proqramının fəaliyyəti dövründə bir sıra irimiqyaslı layihələr
çərçivəsində ekoloji tarazlığın bərpası istiqamətində müəyyən əhəmiyyətli işlərin
görülməsindən bəhs edib. O, ekoloji tarazlığın bərpası və ianəçilik mədəniyyətinin
təbliği ilə bağlı təcrübələrini bölüşərək bir sıra təkliflər irəli sürüb.
Görüş
zamanı BMT-nin
Ətraf Mühit Proqramının ekspert qrupunun üzvləri tərəfindən
mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Eyni zamanda digər qarşılıqlı maraq
doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq
perspektivləri müzakirə olunub.
Sonda Rəhman
Hacıyev görüşdə bərpa və quruculuq sahəsində öz təcrübələrini bölüşdükləri və səsləndirilən
fikirlərə görə nümayəndə heyətinə təşəkkürünü bildirib.