- Xəbər news
- 22:34 14.11.2024
"Qitənin ən güclüsü bizim ölkədir, bizim ölkə birincidir!"
Corner.az-ın məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı məqaləsində Azərbaycanın yunan-Roma və sərbəst güləş üzrə yığmalarının Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında komanda hesabında birinci olmalarına belə reaksiya verib.
Qayıbov bu nailiyyət münasibətilə idmançıları, məşqçiləri bir daha təbrik edib və qələbəyə görə onlara təşəkkürünü bildirib: "Sözsüz ki, hər bir uğurun arxasında çətin məşqlər, əziyyət, zəhmət dayanır. Qitənin 37 ölkəsinin təmsil olunduğu çempionatda uğur qazanan hər iki komandamızın ən yaxşı olmasına yalnız sevinməliyik".
Qayıbov Prezident İlham Əliyevin martın 17-də Bolqarıstanda Avropa çempionu olmuş 23 yaşadək sərbəst güləşçiləri qəbul etdiyini də xatırladıb: "Bu, təkcə güləşdə deyil, idmanın bütün növlərində nəticəyə köklənmiş fəaliyyətin gücləndirilməsinə təsir edən görüş oldu. İdmançılar üçün güclü motivasiya olan bu qəbuldan sonra böyüklərdən ibarət komandamız da yüksək nəticə əldə etdi. Tarixində ilk dəfə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komandalarımız eyni çempionatın ən yaxşısı oldular. Sözsüz ki, hər bir uğurun arxasında çətin məşqlər, əziyyət, zəhmət dayanır".
Nazir 22 yaşadək boksçulardan ibarət Azərbaycan yığmasının da Xorvatiyanın Poreç şəhərində keçirilmiş Avropa çempionatında uğurla çıxış etdiyini vurğulayıb: "Martın 30-da nazirlikdə komandamızla görüşdük və onları təbrik edib, yeni uğurlar arzuladıq".