- Xəbər news
- 22:34 14.11.2024
12 aprel 2022-ci il tarixində Fövqəladə Hallar
Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin
əziz xatirəsinin əbədiləşdirilməsi üçün şəhid analarının adından işğaldan azad
olunan ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılması, ekoloji
tarazlığın bərpasına töhfə vermək məqsədilə Zəngilanda meşə massivinin
salınması layihəsi çərçivəsində 5500 ağac ianə edilib.
Qarabağ Dirçəliş Fondu və Fövqəladə Hallar
Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə həyata
keçirilən tədbirdə Vətən müharibəsi şəhidlərinin anaları və ailə üzvləri
iştirak ediblər.
Şəhid analarının iştirakı ilə keçirilən ağacəkmə
aksiyasında torpaqlarımızın azadlığı uğrunda canından keçən əsgər və zabitlərimizin
əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra ağacəkmə prosesinə
start verilib və şəhid ailələri, Qarabağ Dirçəliş Fondu və Fövqəladə Hallar
Nazirliyi işçilərinin Həmkarlar İttifaqının nümayəndələrinin iştirakı ilə 300
ağac tingi torpağa basdırılıb.
Sonda tədbir iştirakçıları Zəngilanda şəhidlər
xiyabanını ziyarət ediblər. Birinci Qarabağ müharibəsi şəhidlərinin qəbri üzərinə
gül dəstələri düzüblər
Qeyd olunmalıdır ki, layihə çərçivəsində dayanıqlı
meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə
uyğun şəkildə aparılır. Enerji təminatı və suvarma sisteminin qurulması, ərazidə
müntəzəm müşahidələr aparmaqla əkilmiş sahəyə mütəmadi qulluq edilməsi kimi məsələlərə
xüsusi diqqət ayrılır.
Xatırladaq ki,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu
arasında işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan
qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair Anlaşma
Memorandumu imzalanıb. Bu Memorandum çərçivəsində ilk olaraq, Zəngilanda meşə
massivinin salınması layihəsinə başlanılıb və indiyədək donor şirkətlər tərəfindən
ümumilikdə 45 mindən çox ağac ianə edilib.
Qeyd olunmalıdır ki, Qarabağ meşələrində əsasən
yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və
Şərq çinarı kimi ağacların əkilməsi nəzərdə tutulur. Ağacların əkilməsi prosesi
mərhələli şəkildə davam etməkdədir. Layihə işğaldan azad olunan digər ərazilərdə
də davam etdiriləcək.
Birlikdə Qarabağı daha YAŞIL bərpa edəcəyik!