Türkiyənin “Qalatasaray” və Ukraynanın “Dinamo” (Kiyev) komandaları arasında xeyriyyə oyunu keçirilib. Corner.az xəbər verir ki, NEF stadionunda baş tutan qarşılaşmada Kiyev təmsilçisi İstanbul klubuna 3:1 hesabı ilə qələbə qazanıb.
Start fitindən öncə Ukraynadakı müharibə səbəbindən dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Görüşə qayıtdıqda isə hesabı 14-cü dəqiqədə qonaqlardan Vitali Buyalski açıb. 28-ci dəqiqədə Artyom Besedin fərqi 2 topa çıxarıb. 56-cı dəqiqədə Barış Alper Yılmaz buraxılan toplardan birinin əvəzini çıxsa da 80-ci dəqiqədə fərqlənən Viktor Tsıqankov isə yekun hesabı müəyyənləşdirib.
Bilet satışından əldə edilən bütün gəlir müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.
Kiyev təmsilçisi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu, həmçinin Polşanın “Legiya”, Rumıniyanın “Styaua” və Almaniyanın "Borussiya" (Dortmund) komandaları ilə də xeyriyyə görüşündə qarşılaşacaq.