- Xəbər news
- 22:34 14.11.2024
"Son yoldaşlıq oyunları göstərdi ki, ümidverici bir şey yoxdur, komanda üçün çətin olacaq".
Corner.az xəbər verir ki, bu sözləri "Zirə" klubunun futbolçusu Ruslan Abışov "Report"a müsahibəsində deyib.
- Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” layihəsində iştirak etdiniz. Təəssüratlarınız necədir?
- AMADA rəhbərliyinə təşəkkür edirəm ki, belə gözəl tədbir təşkil ediblər. Burada iştirak edən hər kəsə minnətdaram. Əziyyət çəkiblər və belə vacib məsələləri işıqlandırırlar. Bu, gələcək nəsil üçün böyük addımdır. Dopinq dünya idmanında ciddi problemlər yaradır. AMADA 2016-cı ildən çox böyük işlər görüb. AMADA-nın üzvü kimi futbol sahəsinə bacardığım qədər kömək etməyə çalışıram. 3 ilə yaxın bu qurumun izlənən idmançısı olmuşam. Demək olar ki, səhərə yaxın - gecə saat 5-də və oyun vaxtı da gəlib məni yoxlayıblar. Bütün idmançılara təmiz qələbələr arzu edirəm.
- Hazırda futbolda dopinqlə bağlı vəziyyət nə yerdədir?
- Oyun vaxtı da bizi yoxlayırlar, ciddi izləmələr olur. Əvvəllər bu barədə problemlər var idi, yoxlamalar olmurdu. Son dönəmlərdə - AMADA yaranandan sonra gözlənilən yoxlamalar olur. Hətta mən də 3-4 dəfə oyun vaxtı və oyundan sonra yoxlamalardan keçmişəm. Bu, çox sevindirici haldır, idmançıların daha peşəkar və sağlam olmaları baxımından çox yaxşı addımdır. İnanıram ki, futbolçularımız öz sahələrində daha peşəkar olacaqlar və qadağan olunmuş preparatlardan bacardıqca istifadə etməyəcəklər. Çünki biləcəklər ki, hər an yoxlamalar gələ bilər.
- Futbolda az da olsa, dopinq qalmaqalı olub. Mahir Şükürovu misal göstərmək olar. Həmin vaxtlar AMADA kimi qurum olsaydı, belə hallara rast gələrdik?
- Düzdür, Şükürov UEFA-nın keçirdiyi milli komandaların oyunlarından sonra dopinqə düşmüşdü. Amma məncə, əvvəlki vaxtlarda AMADA olsaydı, Mahir kimi digər futbolçular da bundan istifadə etməzdilər. Artıq ölkəmizdə belə təşkilat var və futbolçuları çəkindirir. İnanıram ki, bundan sonra hansısa futbolçumuz ciddi dopinq yoxlanışına düşməyəcək.
- Meydana nadir hallarda meydana çıxırsınız. Bu nə ilə bağlıdır: Futboldan getməyi düşünürsünüz?
- Hələlik o barədə fikirləşmirəm. Özümdə güc hiss edirəm, oynamağa da gücüm var. Hər şeyi zaman göstərəcək. Əsas odur ki, mövsümün sonunda yaxşı nəticələr qazanaq. Ondan sonra oturub məsləhət edəcəyik.
- Sanki heyətə düşmə baxımından çətinlik çəkirsiniz...
- Belə düşünmürəm. Hər zaman oynamağa hazıram və gücüm var. Karyeramı bitirmək fikrində deyiləm. Bizdə deyim var ki, 33-34 yaşa gələn futbolçu karyerasını bitirməlidir. Amma mən bu fikirlə razı deyiləm. Futbolçu rejiminə fikir verirsə, özünü yaxşı hiss edirsə, daim çalışırsa, 30 - 35 yaşlarında da eyni futbolu oynaya bilər. Nə qədər gücüm varsa, oynamağa çalışacağam.
- Adətən, futbolçular oynayacaqları komandaya gedirlər. Sizdə vəziyyət necədir?
- Hazırda o barədə fikirləşmirəm. Düzdür, oynamaq istəyirəm, amma bu, baş məşqçinin qərarıdır. Rəşad Sadıqovun qərarına hər zaman hörmət edirəm. Ona meydandan kənarda da kömək etməyə çalışıram. Mənə şans versə, komandaya maksimum kömək etməyə hazıram. Mövsümün bitməsinə bir ay qalıb. Çox vacib çempionat və kubok oyunlarımız var. Çempionatın sonunda yekun qərarımı verəcəyəm.
- Milli komandanın son oyunları və baş məşqçi Canni De Byazinin açıqlamaları birmənalı qarşılanmayıb. Bu barədə nə deyə bilərsiniz?
- Canni De Byazi gələndən hər kəs onu tənqid edir. Onun qalmağını istəyən futbolçular da var idi. Amma sonda qərarı AFFA rəhbərliyi verir. Bizim danışmağımızla heç bir şey ortaya çıxmır. Federasiya rəhbərliyi hansı qərarı versə, ona uyğun da hərəkət edirlər. Mən də millinin uğur qazanmasını istəyir, futbolu təbliğ edirəm. Futbolçu kimi məni də küçədə görürlər, milli barədə suallar verirlər. Yığmanın niyə zəif və uğursuz çıxış etdiyini soruşurlar. Mən də cavab verməkdə çətinlik çəkirəm. Amma yenə deyirəm: Bu barədə çox danışırıq, tənqidlər də çox olur. Amma sonda AFFA rəhbərliyi özlərinə görə doğru olan qərarı verir. Bu səbəbdən, danışılacaq və deyiləcək söz yoxdur. Lakin biz də gözləyirik ki, futbolumuz da digər idman növləri kimi inkişaf etsin, yaxşı nəticələr olsun.
- Milli komandanın Millətlər Liqasındakı şanslarını necə görürsünüz?
- Son yoldaşlıq oyunları göstərdi ki, ümidverici bir şey yoxdur, komanda üçün çətin olacaq. İlk oyunlara iki aya yaxın vaxt qalıb. Böyük ehtimalla, milliyə həmin futbolçular dəvət alacaq. Burada baş məşqçini kənara qoyub, sadəcə milli ruh və forma üçün oynamaq lazımdır. Zaman göstərir ki, baş məşqçinin dedikləri ilə futbolçuların oyunu üst-üstə düşmür. Oyunçular sözü bir yerə qoyub, milli komanda və ölkə adına oynamalıdırlar.
- Ötən seçmə mərhələdə komanda bir xal qazanılıb. Sizcə, köklü dəyişikliklərə ehtiyac varmı?
- Əlbəttə. Nəticə yoxdursa, dəyişikliklər olmalıdır.