25 oktyabr 2024. Cümə

Qarabağ'ın Şamaxı'ya 8 qol vurması bizi qorxutmur


Qarabağ'ın Şamaxı'ya 8 qol vurması bizi qorxutmur

"Qarabağ"ın "Şamaxı"ya 8 qol vurması bizi qorxutmur".

Corner.az xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Urfan Abbasov evdə "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

30 yaşlı müdafiəçi bildirib ki, "köhlən atlar" çempionatdakı bütün komandalardan bir baş üstün olsa da, bu amil "qırmızı-qaralar"ı narahat etmir: "Futbolda hər bir nəticə olur. Oyuna yaxşı hazırlaşsaq, nəticə istədiyimiz kimi ola bilər. Hər şey matça necə köklənməyimizdən asılıdır. Allah bizə güc-qüvvət versin ki, özümüzü meydanda yaxşı tərəfdən göstərək".

Əyalət təmsilçisi qarşıdakı 9 gün ərzində Ağdam klubu ilə 3 dəfə qarşılaşacaq. Bunların 2-si kubok, 1-i isə Premyer Liqaya təsadüf edəcək. Təcrübəli oyunçu bütün görüşlərin ağır olacağını söyləyib: "Bu qarşılaşmalardan sonra yaxşı bərpa prosesi keçməliyik ki, növbəti matçlara istədiyimiz formada çıxaq. Hər oyuna eyni motivasiya ilə çıxırıq. Həm kubokda, həm də ölkə çempionatında yaxşı şansımız var. Hansında çıxışımız uğurlu alınsa, bizim üçün xoş olar. Əsas odur ki, avrokuboklara vəsiqə qazana bilək".

Abbasov kubok görüşünə ciddi hazırlaşdıqlarını vurğulayıb: "Yaxşı nəticə qazanmaq istəyirik. Hər şeyi sabahkı oyun göstərəcək. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Komandada ab-hava pis deyil. Düzdür, son turlarda nəticələr ürəkaçan olmadı. Lakin komanda toparlanır. Hələ heç nə itirilməyib. Qarşıdakı görüşlərdə yaxşı nəticələr qazanmaq üçün var gücümüzü ortaya qoyacağıq".

O, bəzi oyunlara stres altında çıxdıqlarını etiraf edib: "Sabah"la 12 xallıq fərqimiz var idi. Amma qələbə qazanmalı olduğumuz matçlarda xallar itirdik. Bu səbəbdən bəzi görüşlərə stress altında çıxırıq. Lakin bundan sonra xal itirməməliyik. Əksinə, itirdiyimiz xalları bərpa etməyə çalışacağıq".

Futbolçu "Sumqayıt"a qarşı Premyer Liqanın XXIII tur matçında baş hakim Rauf Cabbarovun idarəçiliyinə də toxunub: "Oyuna baxanlar, hətta referinin özü də Tellur Mütəllimovun Ehtiram Şahverdiyevə qarşı kobudluq etdiyini gördü. Demirəm, penalti verilsəydi, 100 faiz qalib gələcəkdik. Amma 11 metrlik cərimə zərbəmimizi əlimizdən aldılar. Hakim həmin epizodda düzgün qərar versəydi, bəlkə də matçı yaxşı notlarla bitirə bilərdik. Bu səhv nəticədə çox böyük rol oynadı. Səhvləri nə iləsə əlaqələndirmək istəmirəm. Amma görünən odur ki, bizə qarşı qərəz var. Ümid edirəm ki, növbəti matçlarda bu səhvlər aradan qaldırılar. Biz sadəcə, ədalətli idarəçilik istəyirik".(report)







Xəbər news