25 oktyabr 2024. Cümə

Mahir Emreli: Özümə deyirəm ki, kişi ol, xarakter göstər


Mahir Emreli: Özümə deyirəm ki, kişi ol, xarakter göstər

"Bu, mənim ən pis tərəfimdir. Nə vaxt ağrı hiss edirəmsə, bu barədə düşünmürəm, oynamaq istəyirəm. Yaxşı olardı ki, belə məqamlarda yanımda mənə "Mahir, dayanmaq vaxtıdır, oynaya bilməzsən" deyən biri olsun. Daha doğrusu, belə düşünürəm: kişi ol, xarakter göstər, ağrı hiss etsən, nə olacaq ki"!?

Corner.az-ın məlumatına görə, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli "sportske.jutarnji.hr" nəşrinə müsahibəsində deyib.

24 yaşlı hücumçu bəzən zədələnəndə buna fərqli reaksiya verdiyini bildirib: "Hayduk"la oyununun Xorvatiyanın ən böyük derbisi olduğunu, bu oyunun hansı mənanı kəsb etdiyini bilirdim və oynamaq istəyirdim. Buna görə də zədələnməyim çox pis oldu. Həmin oyunda heç nə etmədim. Zədəli olduğumu heç kim bilmirdi. Bu barədə baş məşqçiyə deməmişdim və fanatların mənə baxanda nə düşündüklərini təsəvvür edirdim. Yəqin fikirləşirdilər ki, "Dinamo" məni niyə alıb. Bu, sadəcə mənim səhvim idi, bir daha təkrarlanmayacaq".

Millimizin üzvü azarkeşlərin onu alqışlayanda xoşbəxt olduğunu və özünü əla hiss etdiyini vurğulayıb: "Hər zaman komandam, yoldaşlarım və fanatlarımız üçün əlimdən gələni edirəm. Son iki matçdakı kimi oynamağa davam etsəm, hər şey yaxşı olacaq. Azarkeşlərin dəstəyi və vurduğum qollar həqiqətən də gələcək üçün böyük motivasiyadır".

Emrelinin sözlərinə görə, ən önəmlisi hər matçda var gücünü ortaya qoymaqdır: "Çünki bu, oyun vaxtı komandama kömək edir. Əlbəttə, qollar görüşün ən gözəl məqamıdır. Fərqlənmək əladır. Amma nəticə sonda bilinir. Ən vacibi 3 xaldır. Məsələn, "Riyeka" ilə görüşdə vurduğum qol önəmli idi. Bundan sonra kapitan Ariyan Ademi qələbə topunu vurdu və biz oyunu kökündən dəyişdik. Ən gözəli odur ki, sonda qalib gəldik, təslim olmadıq və sonadək mübarizə apardıq. Bu, böyük geri dönüş idi".

Forvard "Riyeka"ya vurduğu qola xoşbəxt olduğunu söyləyib: "Məşqlərdə zərbələrin üzərində işləyirəm. Amma bunu yaxşılaşdırmaq üçün daha çox çalışmalıyam. "Riyeka"ya vurduğum qola görə xoşbəxtəm. Çünki zərbə nişan aldığım yerə getdi. Yəni, qol təsadüfən vurulmadı, istədiyimi etdim. Bunu hamı bacarmır. Əvvəlcədən fərqlənməyi proqnozlaşdırmaq çətin olur. Bəzən şanslar çox olsa da, top tora daxil olmaq istəmir. Amma ümid edirəm ki, "Hayduk"a qarşı bugünkü matçda qol vuracağıq. Keyfiyyətli, təcrübəli futbolçuları olan güclü rəqibə qarşı oynayırıq. Onu da bilirəm ki, stadionda atmosfer yenidən cəhənnəmi xatırladacaq. Səfərdə oynamağımıza baxmayaraq, azarkeşlərimiz bizimlə olacaq. Onların dəstəyini hiss edəcəyik. Biz "Dinamo"yuq və hər zaman meydana üç xal üçün çıxırıq. Kimə qarşı oynamağımızdan asılı olmayaraq, üstün olmaq və qalib gəlmək istəyirik. Bizi Splitdəki stadionun ab-havası maraqlandırmır, ancaq öz oyunumuzla maraqlanırıq. Düşünürəm ki, bu dəfə Zaqrebə üç xalla dönəcəyik. Amma Splitdəki qələbə ilə titulu təmin edəcəyimizi düşünmürəm. Bundan sonra bizi daha çətin matçlar gözləyir. Mübarizə sonadək gedəcək".

Sevgilisi olduğunu etiraf edən Emreli Zaqrebdə onunla birlikdə yaşadığını bildirib: "Gələn həftə anam və bacım yanıma gələcək. Bacım mənimlə idi, amma qayıtmalı oldu, indi yenə gələcək. Düzü, çölə çox çıxmıram. Daha çox evdə oluram. Hər şey evimə yaxındır. Kofe içsəm, evdən çıxıram. Yeri gəlmişkən, Zaqrebi çox sevirəm. Bura mənə uyğun şəhərdir. Böyük şəhərləri sevmirəm. Zaqreb mənə Bakını xatırladır, o da böyük şəhər deyil. Bir yerdən digər yerə tez getməyi sevirəm. Zaqrebdə özümü əla hiss edirəm".

Emreli "Dinamo"dakı komanda yoldaşları ilə yaxşı münasibətlərinin olduğunu və daha çox hücumun cinahında oynamağı sevdiyini bildirib: "Hücumun cinahında və mərkəzində çıxış edirəm. Təbii ki, bu mövqelərdə fərqliliklər var. Cinahda olanda topla daha çox topla oynayıram. Mərkəzda isə vəziyyət bir az fərqli olur. Məsələn, müdafiəçi ilə təkbətək çıxmaq çətindir. Daha sürətli qərar qəbul etməli və dərhal reaksiya verməlisən. Hər iki mövqedə nə qədər çox çıxış etsəm, bir o qədər tez uyğunlaşacağam. Amma harada oynayacağıma baş məşqçi qərar verəcək".







Xəbər news