- Xəbər news
- 01:00 22.01.2026
Qarabağ Dirçəliş Fondu tərəfindən işğaldan azad edilən ərazilərdə ekoloji
tarazlığın, biomüxtəlifliyin bərpası və “Yaşıl Qarabağ” ideyası mövzusunda
işgüzar görüş təşkil olunub.
Corner.az xəbər verir ki, tədbirdə xüsusi qonaq qismində ekologiya və təbii
sərvətlər naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Muxtar
Babayev və yarandığı gündən həmrəylik nümayiş etdirərək Fonda ianə edən donor
şirkətlərin nümayəndələri iştirak edib.
Qonaqları salamlayan Qarabağ Dirçəliş Fondunun
İdarə Heyətinin sədri Rəhman Hacıyev qonaqlara işğaldan azad olunan ərazilərdə
ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası, meşə massivlərinin
salınması üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya
və inkişafa töhfə vermək məqsədilə keçirilən
müzakirə görüşündə iştirak etdikləri üçün təşəkkür
edib.
İşğal
dövründə Azərbaycanın meşə fondu sahələrinin ekoloji terrora məruz qaldığını və
bu dövrdə düşmənin regionun təbii sərvətlərini talan etdiyini vurğulayan sədr,
qonaqlara bu görüntülərin əks olunduğu “Qarabağda ekosid” videoçarxını və bu
mövzuda Fondun atdığı addımları əks etdirən təqdimatı nümayiş etdirib.
Tədbirdə iştirak edən ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayev belə təşəbbüslər çərçivəsində göstərilən birliyin
Qarabağda davamlı gələcəyə dəstək olacağını qeyd edib.
Görüşdə, eyni zamanda korporativ ianəçilik
mədəniyyətinin təşviqi mövzusunda fikir
mübadiləsi aparılıb.
Sonda işğaldan azad olunan ərazilərimizdə görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən donorlar – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, “PAŞA Bank” ASC, “Avrora Qrup”,
"Stevedoring”
MMC, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı, Heydər Əliyev
adına Müasir Təhsil Kompleksi, “Gilan Holding” və “Libraff” “İanə Sertifikatı”
ilə təltif olunub və bütün iştirakçılara görüşün məqsədinə uyğun
olaraq simvolik ağac tingləri hədiyyə edilib.