Aprelin 29-da Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin baş məsləhətçiliyi ilə SPEACE telekanalının hazırladığı “Yurd yeri” layihəsinin təqdimat mərasimi keçirilmişdir.
Corner.az xəbər verir ki, layihədə məqsəd 1988-1991-ci illərdə Qərbi Azərbaycanda sonuncu deportasiya zamanı azərbaycanlı əhalisi vəhşiliklə qovulub çıxarılmış 300-ə yaxın yaşayış məntəqəsi haqqında kiçik həcmli sənədli filmlər çəkmək, Qərbi Azərbaycan həqiqətlərini bir daha dilə gətirmək, unutmağa və unutdurmağa qoymamaqdır. Layihənin ana xətti “Biz mütləq o torpaqlara qayıdacağıq!”dır.
Filmin redaktoru jurnalist Eldəniz Elgün, layihə rəhbəri SPEACE TV-nin direktoru Müşviq Hətəmovdur.
Təqdimat mərasimində Prezident Administrasiyasının nümayəndəsi, millət vəkilləri, ziyalılar, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının nümayəndələri, 1988-1991-ci illər deportasiyasının şahidi olan qaçqınlar iştirak etmişlər.
Təqdimat mərasimində SPEACE TV-nin direktoru Müşviq Hətəmov, filmin baş məsləhətçisi Əziz Ələkbərli, millət vəkilləri Musa Quliyev, Hikmət Babaoğlu, Sahib Alıyev, Naqif Həmzəyev və b. çıxış etmişlər.
Tədbirdə Qərbi Azərbaycanın Nüvədi, Şirazlı, Xalisa, Güllücə, Quzukənd və s. kəndləri ilə bağlı filmlər nümayiş etdirilmişdir.