- Xəbər news
- 21:58 14.03.2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsi və Qarabağ Dirçəliş Fondu
arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Diasporla iş üzrə Dövlət Komitəsinin
(DİDK) sədri Fuad Muradov və Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri
Rəhman Hacıyev imzalayıblar.
Memorandumun əsas məqsədi əməkdaşlıq çərçivəsində
birgə layihələr və tədbirlər həyata keçirməklə, işğaldan azad edilmiş ərazilərin
yüksək rifaha malik regiona çevrilməsinə töhfə verməkdir. Sənəd xaricdə yaşayan
azərbaycanlılar, diaspor təşkilatları və digər xalqların nümayəndələri tərəfindən
erməni işğalı nəticəsində Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən mədəni
irsə, təbii sərvətlər və bioloji tərəfdaşlığa vurulan zərər haqqında dünya
ictimaiyyətinin məlumatlandırılmasını, Qarabağda həyata keçirilən tədbirlərin və
investisiya potensialının dəstəklənməsi məqsədilə ianəçiliyi, dövlət-özəl tərəfdaşlığının
təsviq edilməsini əhatə edib.
Tədbirdə çıxış edən Komitə sədri xarici ölkələrdə fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatlarının Qarabağda aparılan quruculuq işləri
və Qarabağ Dirçəliş Fondunun fəaliyyəti barədə mütəmadi məlumatlandırılmasının
vacibliyini vurğulayıb. Qeyd edilib ki, memorandumun əhatə etdiyi fəaliyyət
istiqaməti Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayı zamanı müəyyənləşdirilən
strategiyada da öz əksini tapıb. Təsadüfi deyil ki, Zəfər Qurultayının iki
panelindən biri “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan
diasporunun töhfələri” mövzusuna həsr olunub.
Qarabağ Dirçəliş Fondunun fəaliyyətə başladığı ilk
gündən DİDK-dan dəstək gördüyünü deyən R.Hacıyev Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada
keçirilən Zəfər Qurultayında iştirakını və tədbir iştirakçıları ilə təmaslarını
məmnunluqla xatırlayıb, diaspor təşkilatlarının rəhbərlik etdiyi fondla səmərəli
əməkdaşlığına ümidvar olduğunu bildirib. Görüşdə Rəhman Hacıyev Fondun ötən
ilin yekunlarına dair, eyni zamanda cari fəaliyyəti barədə məlumat verib.
Sonra birgə əməkdaşlıq çərçivəsində görülməsi nəzərdə
tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər bu əməkdaşlığın
işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmaya, əlverişli həyat şəraitinin
yaradılmasına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.