- Xəbər news
- 22:34 14.11.2024
"Hamımız yığmada vəziyyəti dəyişmək istəyirik. Ümid edirəm ki, bu il daha iddialı, daha yaxşı və daha mübariz komanda olacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, ölkəmizi, xalqımızı qürurlandıraq və sevindirək."
Corner.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emrelinin "Report"a müsahibəsində deyib. Müsahibəni təqdim edirik:
- Bu mövsüm Polşa "Legiya"sında da çıxış etdiniz. Ümumilikdə klub karyeranızı uğurlu saymaq olarmı?
- Avropada ilk mövsümüm olduğunu nəzərə alsaq, heç də pis olmadı. Bəzi şeylər istədiyim kimi, bəziləri isə istəmədiyim kimi alındı. Ümumilikdə bir komandada ən çox qol vuran oyunçu oldum. Digərində isə çempionluq titulunu qazana bildim. Özümü qiymətləndirməyi çox da xoşlamıram. Düşünürəm ki, ki buna insanlar qərar versə, daha doğru olar.
- Polşa "Legiya"sında daim əsas heyətdə yer almağa öyrəşmiş Mahir Emreli üçün Xorvatiyanın "Dinamo" klubunda ehtiyatda qalmaq çətinlik yaratmadı?
- "Legiya"da vəziyyət tam başqa idi, oraya hazırlıqlı getmişdim. "Dinamo"ya gedəndə isə təlim-məşq toplanışı keçməmişdim. UEFA Avropa Liqası oyunu üçün qeydiyyata son bir gün qalmışdı. Mən də həmin gün müqavilə imzaladım. Bir çox çatışmazlığım var idi. Onları yavaş-yavaş aradan qaldırmağa və formaya düşməyə çalışdım. Düşünürəm ki, "Dinamo"da yetərincə şans qazana bildim. Son 3 oyunun birində zədələndim. Amma nə olursa-olsun, komandanın uğuru hər şeydən önəmlidir. Çempionluq titulu qazandığımız üçün sevincliyəm. Bu mövsüm "Dinamo" üçün rahat olmadı, güclü rəqabət var idi.
- Zədələrdən sonra özünüzü necə hiss edirsiniz?
- "Legiya"ya hazırlıqlı getdiyim üçün orada zədə problemim olmamışdı. Amma "Dinamo"ya hazırlıqsız yollandığımdan, əzələ dartılması yaşadım və daha sonra çiynimdən xəsarət aldım. Belə məqamlar mənə çətinlik yaratdı. Hazırda özümü daha yaxşı hiss edirəm. Millinin qarşıdakı oyunlarına hazırlaşırıq.
- Milli komandada yenidən özünüzü göstərməyiniz üçün maneələri aradan qaldıra biləcəksinizmi?
- Hamımız yığmada vəziyyəti dəyişmək istəyirik. Ümid edirəm ki, bu il daha iddialı, daha yaxşı və daha mübariz komanda olacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, ölkəmizi, xalqımızı qürurlandıraq və sevindirək. Ümid edirəm ki, buna nail olacağıq. Hazırlıq üçün zamanımız da var. Hər şeyin yaxşı olacağına inanıram.
- Yığmanın təlim-məşq toplanışı necə necə keçir və qarşıdakı 4 oyundan nə gözləyirsiniz?
- Hələlik tam heyətlə toplaşmamışıq. Hazırlıq prosesinin ilk günləri yaxşı alınıb. Yarı-intensiv və yüngül məşqlər edirik. Komanda daxilindəki ab-hava və hər şey çox yaxşıdır. Hamı çox mehribandır, bir-birinə dəstək olur. Ümid edirəm ki, meydanda da buna nail olacaq və yaxşı nəticə üçün oynayacağıq.