- Xəbər news
- 21:58 14.03.2026
Ali Baş
Komandan İlham Əliyevin rəbərliyi ilə müzəffər Ordumuzun şanlı qələbəsindən
sonra işğaldan azad olunan ərazilərdə tarixi abidələrimizin, o cümlədən görkəmli
şəxsiyyətlərimizin heykəllərinin bərpası və yenidən qurulmasına başlanılıb.
Yenidən
qurulan abidələr sırasında dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim və
ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının
banisi Üzeyir Hacıbəylinin heykəli də yer alır.
Heydər
Əliyev Fondunun sifarişi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki
yerində ucaldılıb. 1 dekabr 2020-ci il tarixində yenidən qurulmasına başlanılan
heykəlin açılış mərasimi 29 avqust 2021-ci il tarixində baş tutub. Açılış mərasimində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva iştirak ediblər.
Qeyd edək
ki, abidənin yenidən qurulması üçün tələb olunan bütün xərclər Qarabağ Dirçəliş
Fondunun maliyyə dəstəyi hesabına qarşılanıb.
Xatırladaq
ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə bəstəkarın
Şuşada ucaldılan heykəli, Birinci Qarabağ müharibəsi zamanı erməni
vandalizminin nəticəsində tamamilə məhv edilib.
Heykəlin
modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə
saxlanılan fotolar əsasında yaradılıb. Hündürlüyü 3,2 metr olan yeni heykəl
heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov və Mahmud Rüstəmov tərəfindən
hazırlanıb.
Dünya
şöhrətli bəstəkar Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə Şuşanın Ağcabədi kəndində
anadan olub. Uşaqlığı Qafqazın “konservatoriyası” adlandırılan Şuşada
keçib. Şuşanın gözəl təbiəti, zəngin ifaçılıq mühiti onun musiqi istedadının
inkişafına böyük təsir göstərib.
Ümummilli
lider Heydər Əliyevin Sərəncamı ilə dahi bəstəkarın doğum günü – 18 sentyabr
1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir.