“Turan Tovuz”un yeni baş məşqçisi Ayxan Abbasov klubun mətbuat xidmətinə açıqlama verib. Corner.az xəbər verir ki, ötən gün əyalət klubu ilə rəsmi müqavilə imzalayan 41 yaşlı mütəxəssis təəssüratlarını bölüşüb:
“Yenidən Tovuzda olmaq mənim üçün çox xoşdur. Bura mənə doğmadır. Futbolçu kimi Tovuzda çox gözəl günlərim keçib. Baş məşqçi kimi yenidən burada olmaq isə tam fərqli hissdir. Rəhbərlik, işçi, məşqçi heyəti və əsası azarkeşlər tərəfindən belə qarşılanmaq məni qürurlandırdı. 9 ildən sonra Premyer Liqaya qayıtmaq hər birimizin arzusu idi. Premyer Liqaya rəng qatmaq istəyirik. Əlbəttə, işlərimiz çoxdur. Tovuzun futbol ənənələri hər kəsə bəllidir. Futbolumuzda iz qoymuş onlarla ad bəxş edib, hansılar ki, hazırda akademiyada çalışırlar. Birlik olmalıyıq. Həm rəhbərliyin, həm də azarkeşlərin dəstəyini tam olaraq hiss edirəm. İnanıram ki, tək əsas komanda deyil, əvəzedici və aşağı yaş qrupları üzrə komandaların məşqçiləri ilə birlikdə əl-ələ verib bütün çətinliklərin öhtəsindən gələ biləcəyik”.
Ayxan Abbasov gələcəklər planlar haqda da məlumat verdi: “İlk olaraq futbolçularla müqavilələr rəsmiləşməlidir. Bir neçə futbolçu ilə artıq razılıq əldə olunub və qısa müddətdə onlarla müqavilə bağlayacağıq. İyunun 19-da Bakıda təlim-məşq toplanışına start verəcəyik. Öncə yerli futbolçuları, akademiyanın üzvlərini baxışdan keçirəcəyik. Ayın 27-dən isə hazırlığın əsas mərhələsinə başlayacağıq. Gürcüstanda təlim-məşq toplanışı keçirməyi də planlaşdırırıq”.