- Xəbər news
- 22:34 14.11.2024
İşğaldan azad edilən ərazilərimizin bərpasına dəstək
göstərilməsi, ianələrin cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığının, iqtisadi
imkanların və çağırışların müzakirə olunması məqsədilə Qarabağ Dirçəliş Fondu
ilə donor şirkətləri və Fondun tərəfdaşlarının işgüzar görüşü keçirilib.
Corner.az xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri, Qarabağ
Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov işğaldan azad olunmuş
ərazilərimizdə işgüzar fəallığın artırılması və sərmayə potensialının təşviqi
üzrə tədbirlərin önəmini qeyd edib. Nazir Qarabağ ərazisinin dayanıqlı
inkişafına töhfə vermək, əhalinin məşğulluğunu və rahat şəraitdə yaşamasını təmin
etmək məqsədilə dövlət və özəl qurumlarla tərəfdaşlıq çərçivəsində layihələrin
həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman
Hacıyev azad edilmiş ərazilərin yüksək rifahlı regiona çevrilməsi prosesində
donorlarla sıx əməkdaşlığın, maraqlı tərəflərin görülən işlərə cəlb edilməsinin
Fondun fəaliyyətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb, görüşün məqsədinin
də donor şirkətləri və Fondun tərəfdaşları ilə bu sahədə müzakirələrin
aparılması olduğunu bildirib.
Görüşdə özəl sərmayələrin Qarabağın iqtisadi
inkişafına cəlb edilməsi ilə layihələrin reallaşdırılması imkanları müzakirə
olunub.
Tədbirin sonunda Qarabağın bərpası və yenidən
qurulması istiqamətində görülən işlərə dəstək göstərən bir neçə donora –
“Improtex” Şirkətlər Qrupu, “Bona Dea” Beynəlxalq Hospitalı, “Azərbaycan Sənaye
Korporasiyası” ASC, “İntegral Telecom” QSC-yə “İanə Sertifikatı” təqdim edilib.