26 noyabr 2024. Çərşənbə axşamı

Qarabağ Dirçəliş Fondu Zəngilanın ilk ağıllı kəndində keçirilən beynəlxalq su konfransında iştirak edib


Qarabağ Dirçəliş Fondu Zəngilanın ilk ağıllı kəndində keçirilən beynəlxalq su konfransında iştirak edib
29 iyun 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndindəki “Ağıllı kənd” yaşayış massivində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələrinin, nüfuzlu beynəlxalq təşkilatların üzvlərinin, ekspertlərin iştirakı ilə hibrid formatda keçirilən tədbirdə su ehtiyatları sahəsində davamlı inkişafın məqsəd və hədəflərinə nail olmaq üçün səylərin səfərbər edilməsi, bu məsələnin qlobal və regional həlli məqsədilə beynəlxalq səviyyədə dialoqun yaradılması, transsərhəd kontekstdə tərəfdaşlığın qurulması kimi aktual istiqamətlər müzakirə mövzusu olub.

Konfransda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad edilən ərazilərdə ekosistemin və infrastrukturun, hidrometeoroloji müşahidə sistemlərinin bərpası, ətraf mühitin monitorinqi stansiyalarının yaradılması, yaşıllıqların salınması, meşəbərpa tədbirləri, su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, balıq növlərinin yetişdirilərək su hövzələrinə buraxılması sahəsində həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib.

Ermənistan tərəfindən törədilmiş ekoloji terror, təbiət obyektlərinə dəymiş ziyan, Oxçuçayın və digər su hövzələrinin Ermənistan tərəfindən vəhşicəsinə çirkləndirilməsinin davam etdirilməsi, ekoloji terrorun fəsadlarının aradan qaldırılması və bölgənin ətraf mühitinin yaxşılaşdırılması mövzuları ilə bağlı məsələlər iştirakçıların diqqətinə çatdırılıb.

Nazir BMT və digər beynəlxalq, regional təşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin su ilə bağlı məqsəd və hədəflərinin həyata keçirilməsində bütün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.

Konfransda çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev öz nitqində 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən törədilmiş ekoloji terror, təbiət obyektlərinə dəymiş ziyan, ərazilərin, o cümlədən su hövzələrinin Ermənistan ərazisindən transsərhəd çirklənməsinin davam etdirilməsi kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə bölgənin ekoloji durumuna və təbii sərvətlərimizə dəyən zərərin miqyası mövzusuna xüsusi yer ayırıb. 

Həmçinin, dünya miqyasında problemə çevrilən suyun çirklənməsi, su ilə əlaqəli ekosistemlərin pisləşməsi, iqlim dəyişikliyinin səbəb olduğu su qıtlığı və transsərhəd sularda əməkdaşlığın olmaması ilə bağlı artan problemlərin həlli istiqamətində tədbirlərin keçirilməsinin vacib olduğunu vurğulayıb.

Sonda Rəhman Hacıyev iştirakçılara çağırış edərək onları potensial əməkdaşlığa, işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edib. 

Konfransda kənd təsərrüfatı nazirinin müavini İlhamə Qasımova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olga Algayerova, BMT-nin Su Konvensiyasının katibi Sonja Koeppel, BMT-nin Ətraf Mühit Proqramının Avropa ofisinin direktoru Bruno Pozzi və digər rəsmilərin iştirakı ilə geniş müzakirələr aparılıb.

Konfransın sonunda, 30 iyun tarixində Estoniyada keçiriləcək Su Konvensiyası ilə bağlı tədbirə töhfə olacaq nəticə sənədi qəbul olunub. 

Qeyd edək ki, Azərbaycan Respublikası 2000-ci ildə Konvensiyanı ratifikasiya edib və Konvensiyanın işində fəal iştirak edir.

Beynəlxalq Konfrans çərçivəsində diplomatik korpus nümayəndələri “Ağıllı kənd”də yaradılan infrastrukturla tanış olublar.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir