26 noyabr 2024. Çərşənbə axşamı

Komandadan tam razı qala bilmərik


Komandadan tam razı qala bilmərik

"Bu gün komandadan, futbolçuların hazırlığından və işimizdən tam razı qala bilmərik. Amma bugünkü duruma görə razı qalmalıyam".

Corner.az-ın məlumatına görə, bunu Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis keçirdikləri yoxlama oyunlarında qol epizodlarının çox olduğunu bildirib. Qurbanov Polşada "Lex"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa hazırlaşmaq üçün 4 gün vaxtlarının qaldığını xatırladıb: "İnanıram ki, bu müddət ərzində qalan xırda detalları aradan qaldıracağıq. Sadəcə, məni narahat edən məqam futbolçuların bəzilərinin fiziki hazırlıqlarının nisbətən aşağı olmasıdır. Onları daha yaxşı səviyyəyə qaldırmağa çalışacağıq".

Təcrübəli baş məşqçi transfer məsələsinə də toxunub: "İş daim gedir. Hər zaman bu yöndə sual veriləndə eyni cavabları söyləyirik. Olubsa, deyirik ki, transfer etmişik. Yoxdursa, deyirik ki, olmaq ehtimalı çoxdur. Həqiqətən elə hal oldu ki, transfer alınmalı idi və son dəqiqələrdə problem çıxdı. Amma bizim axtarışlarımız davam edir. Harada çatışmazlıq varsa, onu aradan qaldırmağa çalışırıq. Bəzi mövqelərdə oyunçuların sayını çoxaltmaq istəyirik".

Qeyd edək ki, "Qarabağ" yoxlama matçlarında Rumıniyanın "Botoşani" klubunu 4:0 hesabı ilə darmadağın edib, bu ölkənin digər təmsilçisi olan "Universitatya Krayova" ilə bərabərə qalıb - 1:1. "Köhlən atlar" Almaniyanın "Holştayn Kiel" komandası ilə görüşdə də heç-heçəyə razılaşıb - 2:2.

“Qarabağ” “Lex"lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir