Bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Lex” oyunundan sonra (5:1) matçı idarə edən ingiltərəli hakimlər maraqlı addım atıblar. Corner.az xəbər verir ki, görüşü idarə edən İngiltərədən olan hakimlər briqadası matçdan sonra azərbaycanlı mərhum referi Tofiq Bəhramovun stadionun ərazisində ucaldılan heykəlini ziyərət ediblər. İngilis hakimlər bununla mərhum referiyə minnətdarlıq hissini ifadə etməyə çalışıblar.
1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatının finalında Tofiq Bəhramovun İngiltərə millisinin lehinə verdiyi qərar “Uembli” stadionuna toplaşmış 98000 izləyicinin yaddaşına həkk olunaraq, dünya futbol tarixinin ən mübahisəli epizodlarından sayılır. Həmin oyunda ingilislər Qərbi Almaniya millisinə 4:2 hesabı ilə qalib gələrək, dünya çempionu titulunun sahibi olmuşdular.