"Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Türkiyənin paytaxtı Ankranın Qızılcahamam bölgəsində yerli “Bandırmaspor”a qarşı keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, belaruslu mütəxəssis 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Öz liqasında yüksək yerlər uğrunda mübarizə aparan güclü komanda ilə maraqlı qarşılaşma alındı. Heytində səviyyəli legionerin də yer aldığı güclü kollektivə qarşı oynadıq. İlk yoxlama matçı olmasına baxmayaraq, futbolçularımın oyuna münasibətindən razı qaldım. Azərbaycanda keçirdiyimiz yoxlama oyunlarını unudub burdakı matçlara köklənmişik. Baxımlı qollar vurduq, bəzi imkanları boşa verdik. Öz qapımızda da qollar gördük. Belə deyim, çox məhsuldar qarşılaşma oldu. Hesab məni o qədər maraqlandırmır. Futbolçuların əzmkarlığı, oyuna yanaşması mənə qane etdi. Düşərgəmizdə yeni oyunçular var. Futbolçularımız onların qısa vaxtda kollektivə uyğunlaşması üçün yardım edirlər ki, bu da oyunda özünü göstərir”.