- Xəbər news
- 22:34 14.11.2024
“Turan Tovuz”un ingiltərəli yeni transferi Natan Oduvanın müsahibəsi
- Necə oldu ki, ”Turan Tovuz”a gəldin? İngiltərəli futbolçunun Azərbaycanda bölgə klubunu seçməsinin səbəbi nədir?
- Bildiyiniz kimi, son olaraq “Şamaxı”da çıxış etmişəm. Oradan ayrılandan sonra karyeramda yenilik istəyirdim. Yeni bir nəfəs, yeni bir layihə… Baş məşqçi Ayxan Abbasovla da söhbətimiz oldu. Bütün şərtlər və klubun strategiyası məni cəlb etdi. Ona görə də düşünmədən “Turan Tovuz”u seçdim.
- Daha əvvəl “Şamaxı”da oynamısan. Artıq bir müddətdir, Azərbaycandasan. Buranın mentaliteti ilə müəyyən qədər tanışsan. “Turan Tovuz”da işlər necədir? Tovuzda yaşamaq necədir?
- “Şamaxı”da oynadığım müddətdə Bakıda yaşayırdım. Bakı gözəl şəhərdir, üstəlik mən uzun müddət Londonda yaşamışam. Ona görə də Bakıda hər şey fərqli idi. Bu səbəbdən də adaptasiya olmaq üçün müəyyən vaxt lazım oldu. Tovuzun ən böyük üstünlüyü futbol şəhəri olmasıdır. Səfər oyunumuzda da tribunalardan bunu görmək mümkün idi. Qısa müddətdə uyğunlaşmaq problemini aradan qaldıracağam. Mənə və ümumiyyətlə, komandamıza qarşı diqqət və münasibət möhtəşəmdir.
- “Səbail”lə oyunda qələbə qolunu vurdun. İlk oyununda qol vurmağın özünəinam baxımından yaxşı oldu. Qollarının ardı gələcək?
- Təbii ki, qol vurmağım çox yaxşı haldır. Bundan başqa, 90 dəqiqə mübarizə aparmağımızı xüsusi vurğulamaq istərdim. Bütün oyunlara çox yaxşı hazırlaşıb, ilk növbədə komanda şəklində mübarizə aparıb nəticə qazanmalıyıq. Belə olan halda qolların da sayı artacaq.
- “Şamaxı”dakı çıxışını uğurlu adlandırmaq olmaz. Niyə bu komandada istənilən oyunu göstərə bilmədin?
- Əslində “Şamaxı”da cəmi 4-5 ay oynamışam. Üstəlik ondan əvvəl demək olar ki, 1 il futbolsuz qalmışdım. Buna görə də komandaya uyğunlaşmaq cəhətdən müəyyən qədər çətinlik çəkirdim.
- “Tottenhem”in yetirməsisən. Futbola bu klubda başlamaq sənə nə kimi üstünlük verir?
- Bəli, futbolda ilk addımlarımı “Tottenhem”də atmışam. “Tottenhem” akademiyasının öz üstünlükləri var. Bu klub mənim futbolçu kimi yetişməyimdə böyük təkan oldu. Gənc yaşlarımda “Tottenhem”də güclü rəqiblərə qarşı oynamışam. Bu da futbolçu kimi formalaşmağımda böyük rol oynayıb.
- Avropanın bəzi klublarında çıxış etmisən. Bizim çempionat, klublarımız onlardan nə dərəcədə fərqənir?
- Avropada daha çox taktikaya üstünlük verirlər. Hər ölkənin öz futbol fəlsəfəsi var. Burada isə mübarizə aparmalısan. Fiziki cəhətdən tam hazır olmalısan.
- “Səbail”ə vurduğun qolu azarkeşlərlə çox səmimi şəkildə qeyd etdin. Maraqlı mənzərə idi. Tovuzda azarkeşlərin komandaya münasibəti necədir?
- Sevincimi bizə dəstək olmaq üçün 450 kilometr yol qət edən azarkeşlərimizlə bölüşməyi özümə borc bildim. Möhtəşəm azarkeşlərimiz var. Dediyim kimi, Tovuz futbol şəhəridir. Sanki futbolla nəfəs alırlar. Bunu hər addımda hiss edirik. İlk ev oyunumuzdakı fantastik dəstəyi, “Səbail”lə oyunda yaratdıqları atmosferi hər kəs gördü. Onlara təşəkkürümü bildirirəm.
- Çempionatın startı ərəfəsində güclü “Qarabağ”la matçın təxirə salınmasını sizin üçün də müsbət hal kimi qiymətləndirmək olarmı?
- İstənilən halda oynamalıyıq. Ya indi oynadıq, ya 1 aydan sonra. “Qarabağ”a da uğurlar arzu edirəm.
- ”Qarabağ”ın Çempionlar Liqasındakı çıxışları haqda fikirlərini bilmək istərdim. Komandanın “Viktoriya”nı keçmək, qrupa düşmək şansını necə qiymətləndirirsən?
- “Qarabağ” çox yaxşı komandadır. Üç güclü rəqibi mübarizədən kənarlaşdırmağı bacarıb. Məncə, bu mərhələni də adlayacaqlar. qol.az