- Xəbər news
- 22:34 14.11.2024
“Bütün Azərbaycanımızı V İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın uğurlu nəticələri münasibəti ilə təbrik edirəm. Başda cənab Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevi, Gənclər və İdman Nazirliyini, eyni zamanda bütün federasiyalarımızı əməyi və əziyyəti keçən hər bir kəsi təbrik edirəm”.
Corner.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.
İdarə rəisinin sözlərinə görə, ümumilikdə 99 medal əldə olunub: “Medallardan 29-u qızıldır. Azərbaycan Türkiyə Respublikasından sonra 2-ci ən böyük nümayəndə heyətlə təmsil olunmuşdur. Azərbaycan İslam Həmrəyliyi Oyunlarında iştirakı uğurlu çıxışlarla yanaşı, idmançıların yüksək şəkildə hazırlanması ilə yadda qaldı. Atletlər kəndində “Azərbaycan günü” qeyd olundu. Azərbaycanda son illər əldə olunmuş uğurlar haqqında idman siyasəti barədə Atletlər kəndində yaşayan nümayəndə heyətinə ətraflı məlumat verildi. Cənab nazir Fərid Qayıbovun vurğuladığı kimi, keçirilən yarışlarda əsas məqsədimiz gənc nəsil idmançılarımızın beynəlxalq idman təcrübəsinin artırılmasıdır. İstər fərdi, istərsə də, komanda idman növlərində uğurlu nəticələrimiz oldu. Azərbaycan yığma komandasının tərkibində demək olar ki, legioner idmançıların sayı minimum həddə idi və bu proses gələcəkdə də davamlı şəkildə həyata keçiriləcək. İslam Həmrəyliyi Oyunları Azərbaycan idmançıları üçün yeni əlaqələrin qurulmasına səbəb oldu. Konyada keçirilən bu yarışlarda Azərbaycan nümayəndə heyəti bir çox əlaqələr qurdu. Ümidvarıq ki, İslam Həmrəyliyi Oyunlarındakı uğurlu çıxış idmançılarımızın gələcək karyerasında böyük rol oynayacaq”.