- Xəbər news
- 22:34 14.11.2024
“Neftçi”nin yeni hücumçusu Yeqor Boqomolski Belarus mətbuatına maraqlı müsahibə verib.
Corner.az xəbər verir ki, 22 yaşlı oyunçu Azərbaycanı seçməsindən və buradakı hədəflərinə də toxunub: “Komandaya, tempə, çempionata, hava şəraitinə uyğunlaşma prosesi gedir. Belarus futbolundan bura keçmək asan deyil: “Minsk” və “Neftçi”nin səviyyələri, üslubları fərqlidir. Əsas komandaya düşmək üçün bütün gücümlə çalışıram”.
- “Neftçi”nin sizinlə maraqlanmasından ilk xəbər tutan kim oldu?
- Bu, gözlənilməz alındı. Hər şey tez, sözün əsl mənasında iki-üç gündə baş verdi. Aydındır ki, başqa variantlar, söhbətlər var idi. Ancaq konkret deyildi. Sonra “Minsk”ə ən uyğun təklif “Neftçi”dən gəldi. Ardından yeni klub mənimlə əlaqə saxladı və layihə haqqında məlumat verdi. Hamı çox maraqlandı və ən qısa zamanda köçmək qərarı verməyimi istədi. Çempionatı, komandanın səviyyəsini öyrəndim. Bu keçidin irəliyə doğru bir addım olacağına qərar verdim.
- Başqa hansı ölkələrdən təkliflər olub?
- Ən çox Rusiyadan. Avropa ilə bağlı da bəzi söz-söhbətlər oldu. Eyni zamanda top-klublarımıza keçmək variantları da var idi.
- Belarusdan kim zəng etdi?
- Ən konkret təklif qışda Minsk “Dinamo”sundan gəlmişdi. Liderləri zəng etdi, mənim qayıtmağımda maraqlı olduqlarını bildirdilər. Mən axı “Dinamo”nun yetirməsiyəm. Yayda isə mövsümün ortasında Belarusda komanda dəyişməyi düşünmürdüm. Yalnız ölkə xaricindən layiqli təklifləri nəzərdən keçirəcəkdim.
- Millətlər Liqasında millinin qazaxlara və azərbaycanlılara qarşı keçirdiyi oyunlardakı çıxışınız “Neftçi”nin xoşuna gəldi?
- Bunu deyə bilmərəm. Bəlkə çempionatda görüblər. Düşünürəm ki, orada kifayət qədər oyunlarımı nəzərdən keçiriblər.
- Yığmadakı həmin görüşlərdə yaxşı şanslarınız olsa da, qola çevirə bilmədiniz. Bundan narahat olmadınız?
- Xeyr. Qazaxlarla yaxşı matç oldu. Azərbaycanla oyuna gəlincə, o şansı necə dəyərləndirə bilmədiyimi heç mən də anlamıram. “Neftçi”də millidən bir neçə nəfər var. Ona görə də hələ də gülürlər, deyirlər, sağ ol ki, o vaxt bizə qol vurmadın. Topun tora necə düşmədiyini bilmirəm. Təbii ki, xoşagəlməz hal idi.
- “Neftçi”yə keçmək qərarını iqtisadi baxımdan qəbul etmisiniz?
- Xeyr, indi mənim üçün pul vacib deyil. Sadəcə anladım ki, özümü başqa çempionatda sınamaq istəyirəm. Üstəlik, “Neftçi”nin məşqçilər korpusunun hamısının kifayət qədər məşhur avropalı mütəxəssis olması da mənim seçimim də rol oynadı. Səviyyə baxımından Avropa klublarına yaxın olan komandada işləmək, bizimlə əcnəbi mütəxəssislərin hazırlığında hansı fərqlərin olduğunu anlamaq istəyirdim. Düşündüm ki, belə bir fürsət varsa, ondan yararlanmalıyam.
- “Minsk”dən ayrılmağınıza maliyyə problemləri təsir etdi?
- Qətiyyən təsir etmədi. Bəxtim gətirdi ki, əvvəlki illərdə müəyyən məbləğ ayıra bildim.
- “Minsk”in sizə borcu qalıb?
- Bəli, bəzi borclar var. Amma yaxın gələcəkdə klub bunu ödəməlidir.
- Azərbaycana köçəndən sonra maaşınız neçə dəfə artdı?
- Bir neçə dəfə. Dəqiq rəqəm deməyəcəm. Ümumiyyətlə, qışda “Rux” dağılanda və mən Minskə köçəndə pula o qədər də fikir vermirdim. Mövsümün startına iki həftə qalmış komanda tapmaq lazım idi. Maliyyə məsələlərinə görə qərar verilməyib. Belarusdan daha yaxşı təkliflər var idi. “Minsk”də az pul qazandım.