22 mart 2026. Bazar günü

Balıq tutarkən səs-küy yaratmamalısan


Balıq tutarkən səs-küy yaratmamalısan
“Sabah”ın portuqaliyalı müdafiəçisi Abdulaye Banın müsahibəsi
 
- Misli Premyer Liqasının 4-cü turunda “Qəbələ”ni ikinci hissədə vurduğunuz qollarla 2:0 məğlub etdiniz. İkinci hissədəki performansı ilk yarıda göstərə bilməməyiniz nə ilə bağlı idi?
- Bu cür oyunlarda müxtəlif ssenarilər yaşana bilər. Məsələn, erkən qol vursan, matç bir istiqamətdə gedə bilər. Lakin bu, çox az təsadüf edilən haldı. “Qəbələ” yaxşı baş məşqçisi və futbolçuları olan komandadı. Yaxşı təşkilatlanmış komandaya qarşı çox çalışmalı olduq. Qalib gəldiyimizə görə şadam.
 
- İkinci qol sevinci zamanı rəqib futbolçularla aranızda insident yaşandı. Həmin an nələr baş vermişdi?
- Futbolda bu cür hallar olur. Əlbəttə, narahatedici məqamdı. Lakin bundan sonra da heç nə dəyişmədi. Diqqətimizi yalnız oyuna yönəltdik.
 
- Çempionatın iddialı komandalarından “Zirə”, “Neftçi” və “Qəbələ”ni artıq məğlub etmisiniz. Belə parlaq startın sirri nədədi?
- Baş məşqçimiz Murad Musayev üçün meydanda futbolçular arasında anlaşma və taktiki nizam-intizam əsasdı. Keyfiyyətli məşqçilərimiz, texniki heyətimiz və futbolçularımız olmadan bu nəticəyə nail ola bilməzdik.
 
- Medallara iddiaçılardan yalnız “Qarabağ”la matçınız qalır. Bu komanda ilə oyununuz rəqibin “Frayburq”la səfər görüşündən sonraya təsadüf edəcək. Bunu sizin üçün üstünlük saymaq olar?
- Zamanla öyrəndim, balıq tutarkən səs-küy yaratmamalısan. Çempionat hələ yeni başlayıb və bizi qarşıda uzun yol gözləyir. İndi yalnız bu həftə “Səbail”lə baş tutacaq oyuna köklənmişik.
 
- Növbəti turdakı rəqibiniz “Səbail”ə qarşı oyunla və ümumilikdə cari mövsümlə bağlı hədəfləriniz nələrdi?
- Bizim üçün çox vacib oyundu. Ümumiyyətlə, çempionatda hər bir oyun vacibdi və heç bir matç asan olmayacaq.
 
- Son vaxtlar Portuqaliyadan Azərbaycana gələn futbolçuların sayı xeyli artıb. Bunun səbəbi nədi?
- Portuqaliya futbolunun səviyyəsi çox yaxşıdı. Əgər sizin yaxşı maddi imkanınız varsa, mənşəyindən asılı olmayaraq, ən yaxşıları və keyfiyyətliləri əldə etməyə çalışarsız. Təbii ki, belə olan halda futbol keyfiyyəti yüksək olan ölkəyə üz tutulması normal haldı.
 
- “Porto”nun yetirməsisiniz, eyni zamanda İspaniya, Almaniya, Türkiyə kimi ölkələrdə çıxış etmisiniz. Azərbaycana gəlişi karyeranızda eniş sayırsınız, yoxsa yenidən yüksəlmək üçün fürsət?
- Bu günə kimi oynadığım bütün klubları təmsil etmək mənim üçün şərəf idi. Böyük oyunçularla, ulduzlarla eyni paltardəyişmə otağını paylaşmaq, onlara qarşı oynamaq çox xoş idi. Ancaq indi “Sabah”dayam və burada olmaqdan şadam.
 
- Adlarını sadaladığım ölkələrdə çıxış edən biri kimi, Azərbaycan Premyer Liqası ilə bağlı təəssüratlarınız maraqlıdı...
- Hər ölkə fərqlidi və özünəməxsus futbol xüsusiyyətləri olur. Mən isə yeni şərtlərə uyğunlaşmağa və bu istiqamətdə özümü inkişaf etdirməyə çalışıram. Azərbaycanda olmaqdan və bu liqada oynamaqdan qürur duyuram.
 
- Həmyerliniz İbrahima Vadji “Sent-Etyenn”ə transfer olundu. Onun Fransada da uğurlu olacağına inanırsınız?
- İbrahima Vadji gənc istedad və çox peşəkar oyunçudu. Təcrübədən irəliləmək və özünü inkişaf etdirmək üçün imkandan yararlanmaq lazımdı. İnanıram ki, “Qarabağ”da topladığı təcrübə onun gələcəyi üçün çox faydalı olacaq. (matc.az)






Xəbər news