Peşəkar Futbol Liqasına yeni mütəxəssis cəlb olunub. Belə ki, ölkənin tanınmış idman hüquqşünaslarından biri olan Fərid Haqverdiyev müqavilə əsasında Peşəkar Futbol Liqası ilə əməkdaşlıq edəcək. Corner.az xəbər verir ki, Haqverdiyev PFL-də idman hüququnun tənzimlənməsi və bu qəbildən olan digər işlərin həyata keçirilməsinə cavabdehlik daşıyacaq.
Fərid İlqar oğlu Haqverdiyev 14 sentyabr 1988-ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub, 2010-cu ildə oranı bitirib. 2011-ci ildə İngiltərənin Kent Universitetində Beynəlxalq Kommersiya Hüququ ixtisası üzrə magistr təhsili alıb. Təhsilini bitirdikdən sonra Azərbaycanda özəl təşkilatda hüquqşünas kimi işləyib.
2018-ci ildə İspaniyanın Madrid şəhərində yerləşən özəl, dünyanın məşhur idman hüquqşünaslarının, professorların tədris etdiyi, mötəbər idman hüququ məktəblərindən olan İSDE (İnstituto Superior de Derecho y Economia) universitetində “Beynəlxalq İdman Hüququ” ixtisası üzrə əyani magistr təhsili alan və məzun olan ilk azərbaycanlı hüquqşünas olub. Həmin ildə İngiltərinin Kembric universitetinin Vulfson kollecində idman hüququ üzrə ixtisasartırma kurslarında iştirak etmiş və müvəffəqiyyətlə bitirmişdir.
Təhsilini tamamladıqdan sonra Fransanın Paris şəhərində hüquq şirkətində idman hüququ üzrə məsləhətçi vəzifəsində çalışıb.
Hazırda dünya üzrə idman hüquqşünaslarının təşkilatı olan “Beynəlxalq İdman Hüquqşünasları Assosiasiyasının” və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Eyni zamanda, Bakı Dövlət Universitetində “Beynəlxalq İdman Hüququ” fənnini tədris edir.