Peşəkar Futbol Liqasının rəhbərliyi Gəncədə olub. Corner.az xəbər verir ki, rəsmilər şəhər stadionunda “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri, qurumun üzvü, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev və əsas komandanın baş məşqçisi Tərlan Əhmədov ilə görüşüblər.
İlqar Nadiri stadionun ərazisində görülən işlərlə bağlı PFL-in prezidenti Elxan Səmədova məlumat verib. İnşası davam edən Gəncə Futbol Akademiyasının uşaq futbolunun inkişafına təkan verəcəyini bildirən İdarə Heyətinin sədri maddi-texniki bazasının yenilənməsi istiqamətində köklü işlərin aparıldığını qeyd edib. İlqar Nadiri arenanın ərazisində müasir standartlara uyğun iki təbii örtüklü böyük meydançanın salınması yönündə fəaliyyətin sürətlə davam etdirildiyini də deyib.
Qonaqlar stadionda tribunalara, soyunub-geyinmə otaqlarına baxış keçiriblər. Mövcud durumla bağlı fikir mübadiləsi aparılıb. Əsas meydanın öt örtüyünün vəziyyəti müsbət qiymətləndirilib.
PFL-in rəsmiləri bu günlərdə klubda işlə təmin olunan Vətən müharibəsi qazisi, “Cəsur döyüşçü”, Füzuli, Qubadlı və Şuşa şəhərlərinin azad olunmasına görə medalları ilə təltif edilən Talıb Rzayevlə də görüşüblər. İH-nin sədri İlqar Nadiri 9 yaşlılardan ibarət komandada məşqçi kimi çalışan Rzayevin uşaqlara yalnız futbolun sirlərini öyrətmədiyini, eyni zamanda vətənpərvərlik hislərini aşıladığını vurğulayıb.
PFL-in rəhbərliyi stadionda “Kəpəz”in əvəzedici heyəti ilə 19 yaşlılar arasında keçirilən yoxlama oyununu da izləyib.