Misli Premyer Liqasının VII turunda "Sabah" "Turan Tovuz"u qəbul edib. Corner.az xəbər verir ki, "Soldati di Sabah" azarkeş qrupu bu oyunda maraqlı təşəbbüslə çıxış edib.
"Sabah"ın fan-klubu matçı "Gənc Fənərbaxçalılar" azarkeş qrupu ilə birgə izləyib. Oyun zamanı komandanın lehinə heç bir şüar səsləndirməyən fanatlar ancaq Ermənistanın son təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizin adları və vətənpərvərlik mövzulu şüarlar səsləndirilib. Bundan əlavə, azarkeşlər tribunadan "Ya Qarabağ, ya ölüm!" və "Mövzu Vətəndirsə, hamımız bir yumruğuq" yazılı bannerlər də asıblar.
Görüşdən sonra isə "Sabah"ın futbolçuları və azarkeşlər hərbi salam verməklə şəhidlərimizin əziz xatirəsini yad ediblər.
Oyunda "Sabah"ın ikinci qoluna imza atan Coy-Lens Mikels də qol sevincini məhz hərbi salamla qeyd edərək, öz dəstəyini nümayiş etdirib.
Bildirək ki, "Sabah" - "Turan Tovuz" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsilə yekunlaşıb.