- Xəbər news
- 01:00 22.01.2026
18-20 sentyabr tarixlərində Mədəniyyət Nazirliyi, Elm və Təhsil
Nazirliyi və İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Şuşa və Bakı şəhərlərində
“Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq
elmi-praktik konfrans keçirilib.
Corner.az xəbər verir ki, beynəlxalq tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf
perspektivlərinə həsr olunub.
Qeyd edək ki, “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə
reallaşan konfransın birinci hissəsi Şuşa şəhərində keçirilib.
Sentyabrın 20-də “Fairmont Hotel”də konfransın yekun tədbiri gerçəkləşib.
Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor,
multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət
naziri Anar Kərimov, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Elm və
təhsil nazirinin müavini Firudin Qurbanov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin
sədri Rəhman Hacıyev, millət vəkilləri və digər rəsmilər, mədəniyyət sahəsinin
mütəxəssisləri iştirak edib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tədbir
iştirakçılarına işğaldan azad edilən ərazilərdə dağıntıların miqyası barədə məlumat
verərək bildirib ki, düşmən bu illər ərzində tariximizi, mədəniyyətimizi silməyə
çalışıb:
“Ərazilərimizin düşməndən azad olunması Qarabağda dağıntıları tam şəkildə
görməyə imkan verdi. Məlum olduğu kimi, ən çox dağıntıya məruz qalan obyektlər
tarixi abidələrimizdir. Bununla da düşmən işğal dövründə tariximizi, mədəniyyətimizi
tamamilə silməyə çalışıb”.
Bütün bu cəhdlərinə baxmayaraq ermənilərin məkrli istəklərinə nail
ola bilmədiklərini deyən Rəhman Hacıyev mədəniyyətin böyük potensiala malik
güclü konsepsiya olduğunu vurğulayıb:
“Mədəniyyət yalnız bizim ən böyük sərvətimiz deyil, həm də bizi birləşdirən
dəyər, gələcəyimiz üçün bir fundamentdir. O bir çox sahələrin – iqtisadiyyatın,
sahibkarlığın, turizmin və digər sahələrin inkişafına töhfə verə bilər”.
“Bundan başqa, mədəniyyət həm də dirçəliş, inkişaf deməkdir” deyən
İdarə Heyətinin sədri misal olaraq Birinci və İkinci Dünya müharibələrindən
sonra dağıdılmış şəhərlərin və digər yaşayış məntəqələrinin bərpa edilməsini
diqqətə çatdırıb:
“Məsələn, Birinci Dünya Müharibəsi zamanı Avropa şəhərlərinin bir
çoxu ciddi dağıntılara məruz qalmış, bəziləri demək olar ki, yer üzündən
silinmişdi. Buna baxmayaraq insanlar mədəni dəyərlər ətrafında birləşərək həmin
şəhərləri yenidən bərpa etdilər.
Bir çox hallarda şəhərlərin simvolu olan mədəniyyət abidələrinin bərpası
yerli və xarici sahibkarların, cəmiyyətin geniş dairələrinin etdiyi ianələr
hesabına həyata keçirilmişdir. Fransanın Lans və Reyms şəhərlərinin təcrübəsinə
nəzər salsaq görə bilərik ki, məhz tarixi abidələrin bərpası ideyası əsasında təşkil
edilən müxtəlif fandreyzinq təşəbbüsləri Reyms şəhərinin bərpasını daha qısa
zaman ərzində həyata keçirməyə imkan yaratmışdı. Bu potensialdan istifadə etməyən
Lans şəhəri isə bərpa prosesində geridə qalırdı.
Azərbaycan xalqı hər zaman yüksək mədəniyyəti ilə seçilib. Odur ki, mədəniyyətin
rolunu və gücünü anlamalı, Qarabağın bərpasında və inkişafında, eləcə də digər
sahələrdə onun potensialını tətbiq etməliyik”.
Çıxışlardan sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.
Konfrans öz işini panel iclaslarla davam etdirib.