2022-ci ilin ilk doqquz ayı ərzində yüksək liqalarda ən çox qol vurmuş futbolçuların siyahısı açıqlanıb. Corner.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıya Sinqapurun “Tampins Rovers” klubunda çıxış edən Boris Kapitoviç başçılıq edir.
Monteneqrodan olan 27 yaşlı hücumçu bu çempionatda 29 qola imza atıb. İkinci sırada Sinqapurun digər təmsilçisi "Albireks Niiqata"da çıxış edən Kodai Tanaka yer alıb. 23 yaşlı yaponiyalı forvard Kapitoviçdən bir qol az vurub.
Fransanın PSJ klubundan Kilian Mbappe və Meksikanın "Paçuka" komandasından Nikolas İbanyes 26 qolla 3-4-cü pillələri bölüşdürür.
İlk beşliyi Roberto Levandovski qapayır. Ötən mövsümü “Bayern”də keçirmiş, hazırda isə “Barselona”da çıxış edən polşalı forvardın hesabında 24 qol var.